Bakı-Quba magistralının Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində baş vermiş ağır qəzaya görə betonqarışdıran maşının sürücüsü tutulub. Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayəti törətməkdə şübhəli bilinən "Azərkörpü" Tikinti Şirkətinə məxsus "KamAZ" markalı betonqarışdıran maşının sürücüsü, 1977-ci il təvəllüdlü Yunisov İlham Əmiraslan oğlu saxlanılıb. Onun haqqında yaxın saatlarda həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Qeyd edək ki, dekabrın 24-də Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə betonqarışdıran maşın toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan betonqarışdıran maşın yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və "Nissan Tiida"ya çırpılıb. Maşın "Nissan Tiida"nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib. |