Səni itirməkdən yaman qorxuram
Çoxdandır yuxuma gəlmirsən daha, Çoxdandır bir soraq almırsan daha, Bəlkə heç yerimi bilmirsən daha, Səni itirməkdən yaman qorxuram.
Taleyin sınağı yoxlayır bizi?, Yoxsa bu fələyin dönübdür üzü?, Özüm də qalmışam bilmirəm düzü, Səni itirməkdən yaman qorxuram.
Gör neçə gün keçir, neçə ay keçir, Günləri bilmirəm, özün say, keçir... Fikrimdən qorxulu bir haray keçir: Səni itirməkdən yaman qorxuram.
Elə bil məhv olub izim, əsərim, Vəfasız çıxdılar dost dediklərim, Bircə sən qalıbsan umacaq yerim, Səni itirməkdən yaman qorxuram.
Zülmətli zindanı görəndə gözüm, Bu çəni, dumanı görəndə gözüm, Belə pis dünyanı görəndə gözüm, Səni itirməkdən yaman qorxuram.
Qaranlıq gecəmin ayı da sənsən, Sevdamın harayı, hayı da sənsən, Qəlbimin naləsi, vayı da sənsən, Səni itirməkdən yaman qorxuram!
|