Sənətçinin əlindən yanıqlı olan qayınatası Çingiz Cəlilov onu ekstazi işi ilə bağlı tutdurmaq istəyir
“Populyar estrada müğənnisi Röya Nəcəfova həbs edilə bilər. Çünki hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 nəfərdən ibarət narkodəstə ilə bağlı gedən məhkəmə prosesində onun da da hallanır. Amma Röyanın həbsinə başqa, bir qədər şəxsi xarakter daşıyan daha ciddi mülahizələr səbəb ola bilər”. Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov rəhbərlik ediblər. Onlar ölkəyə xaricdən narkotik maddə sayılan bahalı ekstazi həbləri gətirib satmaqda suçlanır. Sonuncu məhkəmə prosesində Y.Həsənov MTN-də aparılan istintaq zamanı müstəntiqlərin onu şantaj etməsindən danışmışdı. O demişdi ki, telefonundan müğənni Röyanın nömrəsi çıxdığından sənətçi xanımı da istintaqa çağıraraq dindirmək istəyiblər. Lakin o, verilən bütün saxta sənədlərə qol çəkməyə razılaşandan sonra Röyanı MTN-ə çağırmayıblar. Röyanın prodüserinin qəzetimizə açıqlamasında da bu əlaqəni təsdiqləyən maraqlı məqam var. Prodüserin dediyinə görə, Röya ilə Yalçın həqiqətən də dost-tanış olublar. Əslində ekstazi işi ilə bağlı Röyadan əvvəl də bir neçə sənətçinin adı hallanıb. Bu sırada müğənnilər Brilliant Dadaşova və Aygün Kazımova da var. Təbii ki, onlar bu işə bilavasitə yox, dolayısı ilə aiddir. Belə ki, vaxtilə məhz onların yanında çalışan bir neçə musiqiçinin adı bu məşhur işdə keçir. Röya ilə bağlı məsələ isə fərqlidir. Məsələn, o, özü də etiraf edir ki, narkobandanın başçısı Yalçın Həsənovla çox yaxın münasibətləri olub. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi odur ki, Röya Azərbaycanın tanınmış iş adamlarından olan “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla rəsmi nikah bağlayıb. Cütlük avqustda “Sarı gəlin” restoranında möhtəşəm toy şənliyi də düzənləyib. Röyanın bütün qohumları bu toyda iştirak etsə də bəy tərəfdən məclisə heç kim gəlməyib. Hələ o vaxt qəzetlər yazırdı ki, Anarın valideynləri övladlarının açıq-saçıq geyinən hansısa müğənni ilə ailə qurmasının qəti əleyhinə imiş və bunu özlərinə yaraşdırmırmış. Cəlilovlar ailəsini qəzəbləndirən həm də o imiş ki, Röya Anarın keçmiş ailəsini dağıdıb. Məsələnin incə tərəfi odur ki, Anarı valideynlərinin, ailəsinin yanına qayıtmağa qoymayan yeganə qüvvə də elə Röyadır. İndi isə Anarı Röyadan alıb geri - öz ailəsinə qaytarmaq üçün çox gözəl şans yaranıb. Əlimizə çatan xəbərlərə görə, bu fürsət hazırda bütün detalları ilə dəyərləndirilməkdədir. Söhbət ondan gedir ki, Çingiz Cəlilov Röyanı ekstazi işi çərçivəsində bir neçə müddətə məhbəsə atdırmaq niyyətinə düşüb, yaxud ən azı belə bir ehtimal var. Hadisələrin məhz bu yöndə cərəyan edəcəyi deyilir və həmin fikirlər belə əsaslandırılır ki, bu iş adamının “əlləri çox uzundur”. Bir qədər əvvəl onun digər oğlu Teymur Cəlilov Bakının mərkəzində, “Neftçilər” prospektində bir piyadanı idarə etdiyi “BMV” markalı maşınla vurmuş, cəsəd zərbədən üç yerə bölünmüşdü. Amma Teymur üçcə gün də olsa məhbəsdə yatmadı. Çox böyük ehtimalla bu “uzun əllər” Röyanı da türməyə saldıra bilər. Axı hətta arxa-dayağı çox böyük şəxslərə bağlı adamların övladları da məhz ekstazi işinə görə həbsxanadadır. Röyanın isə bir arxası ola bilərdi. O da məhz Çingiz Cəlilov. O isə Röyaya az qala qan düşməni, ailəsinin bir nömrəli bədxahı kimi baxır. Mövzuya qayıdacağıq. |