Professor Əhmət İnsel, professor Baskın Oran, doktor Cengiz Akta və jurnalist Əli Bayramoğlunun rəhbərliyi ilə internetdə həyata keçirilməsi planlaşdırılan imza kampaniyası - «Üzr istəyirəm» adlanır. Kampaniyanın mətnində «1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı Böyük Fəlakət»in inkar edilməsini «vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz adımdan Erməni qardaşlarımın duyğu və acılarını paylaşır, onlardan üzr istəyirəm» fikri vurğulanır. Bu yolla təşkilatçılar il boyunca İnternet vasitəsilə mövqelərinin dəstəklənməsi üçün mümkün qədər dəstək qazanmağı qarşılarına məqsəd qoyublar. Cengiz Aktanın sözlərinə görə, «ermənilərin başına gələnlər Türkiyədə çox az bilinən, unutdurulmuş, təhrif olunmuş hadisədir. Məsələyə heç bir zaman obyektiv tarixi baxımdan yanaşılmamışdır. Buna görə də Türkiyədə insanların çoxu bu gün bütün xoş niyyətilə ermənilərin başına heç bir şey gəlmədiyini zənn edir».
Qeyd edək ki, ermənilərə dəstək kampaniyasının iştirakçılarından Əhmət İnsel 1955-ci ildə İstanbulda anadan olub. Ali təhsilini və iqtisadi elmlər doktor adını Parisdə Sorbonna Universitetində alıb. 1984-cü ildən həmin universitetdə və Qalatasaray Universitetində müəllim kimi çalışır. 2007-ci ildən Qalatasaray Universiteti İqtisadi bölümünün rəhbəridir.
Baskın Oran 1945-ci ildə İzmirdə anadan olub. Ankara Universitetinin siyasi bilgilər fakultəsinin məzunudur. Hazırda Ankara Universitetində müəllimdir. Türk və ermənicə yayımlanan Agos, həmçinin Birgün və Radikal qəzetlərində köşə yazıları ilə çıxış edir. Sabiq milli təhsil nazirlərindən Rəşid Galipin nəvəsi Feyhan xanımın həyat yoldaşıdır. Türk millətçi dairələrinin nifrət etdiyi şəxslərdəndir.
Cengiz Aktar 1955-ci ildə anadan olub, Qalatasaray lisəsi və Sorbonna Universitetinin məzunudur, iqtisadi elmlər doktorudur. Avropa Birliyinin ekspertlərindən hesab olunur. Qalatasaray Universitetində müəllimdir.
Əli Bayramoğlu 1956-cı ildə Geliboluda anadan olub. 1979-cu ildə Grenoble Siyasi Bilimlər İnstitutunu dil kursunu, İstanbul Universitetinin iqtisadi fakültəsini bitirmiş və sonuncu ali məktəbin Sosial Bilimlər İnstitutunda doktorluq dərəcəsi alıb. Bir sıra qəzetlərdə məqalələrlə çıxış edir |