İtaliyanın Milan klubunun futbolçusu Ronaldinyonun villası oğrular tərəfindən qarət edilib.
Məlumata görə, hadisə dekabrın 23-ə keçən gecə braziliyalı oyunçunun Milan şəhərindəki 'Galliate Lombardo' məhəlləsində yerləşən evində baş verib.
Dörd nəfərdən ibarət oğru dəstəsi evdə heç kimin olmadığı vaxt içəri soxulub. Həmin vaxt Ronaldinyo qardaşı və xidmətçisi ilə birgə Yeni İl tətilini keçirmək üçün vətəni Braziliyada olub. Oğrular evin siqnalizasiya sistemini söndürdükdən sonra hamamın pəncərəsindən içəri soxulublar. Onlar evdən minlərlə avro dəyərində daş-qaş və saatları aparıblar. Villanın mühafizəçiləri səs-küy eşitdikdən sonra evdə kiminsə olmasından şübhələniblər. Onların müdaxiləsindən sonra oğrular olay yerindən qaçıblar.
Ronaldiynonun idman ləvazimatları, formaları və ayaqqabılarına toxunulmayıb. Cinayətkarlar hətta 2004-cü ildə futbolçuya FİFA tərəfindən verilən 'Qızıl top'u da aparmayıblar.