Türkiyənin baş naziri İsrail prezidentinə qarşı kəskin ittihamla çıxış edib
Davosda keçirilən Dünya İqtisadi Forumunda qalmaqal baş verib
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda qalmaqal baş verib. Forumun Qəzzadakı vəziyyətə həsr edilmiş müzakirələri zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Şimon Pereslə mübahisə edərək tədbiri tərk edib. Müzakirələrdə Peresə çıxış üçün 25 dəqiqə, özünə isə 12 dəqiqə vaxt ayrılmasına etiraz edən Ərdoğan, reqlamentin pozulduğunu bildirib və Ş.Peresə "Hörmətli Peres, məndən yaşlısınız. Səsiniz çox ucadan çıxır. Bu, günahkar olmaq psixologiyasıdır. Siz sadəcə öldürməyi bilirsiniz. Uşaqları öldürürsünüz. Bu insanları öldürənləri alqışlamaq insanlıq cinayətidir",- deyib.
Rəcəb Tayyib Ərdoğan sonradan jurnalistlərə açıqlamasında bildirib: "Pan Kin Mun 8 dəqiqə danışdı, mən 12 dəqiqə danışdım, Amr Musa 12 dəqiqəyə çatanda çıxışını kəsdilər. İsrail prezidentinin 25 dəqiqə, həm də müzakirə mədəniyyətini aşaraq yüksək səslə danışması mübahisə yaratdı. O, "Mənim üçün artıq Davos bitib!",– deyib. /ANS PRESS/ |