"İlk üçlüyə çıxmasam, məyus olacam"
Xəbər verdiyimiz kimi, Azərbaycanı may ayında Moskvada keçiriləcək "Eurovision" musiqi müsabiqəsində təmsil edəcək ifaçı ilə yanaşı mahnı da müəyyənləşib. Bu, gənclərin sevimlisi olan Araşın yazdığı "Always", yəni "Həmişə" mahnısıdır. Amma iş bununla bitmir. Çünki Araş "Eurovision"da Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə ilə birgə oxuyacaq. 1980-ci ildə Əfqanıstanda doğulmuş Araş hazırda Avropada yaşayır. Onun mənşəcə Təbrizdən olan atası Zahir Huvayda Əfqanıstanda tanınmış müğənnidir. Araşın ifa etdiyi mahnılar Avropa üslubunda olsa da, özündə Yaxın Şərq elementlərini əks etdirir. hazırda Dubayda olan Araşın BBC-yə verdiyi müsahibəni oxuculara təqdim edir:
- Mənim bu prosesdə iştirakım belə başladı ki, müsabiqədə iştirak edəcək müğənninin seçildiyini bilirdim. Həmçinin müxtəlif mahnılar üçün müsabiqənin elan edildiyindən də agah idim. Mən isə yaxşı bir mahnı yazmışdım. Onu Azərbaycana yolladım. Onların xoşuna gəldi. Sonra isə fikirləşdim ki, mən də müğənniyəm və mən də iştirak etmək istərdim. Odur ki, indi mən də "Eurovision" müsabiqəsində iştirak edəcəm.
- Siz hansı mahnını yazmısız? - Yazdığım mahnı təzədir. Adı "Always", yəni həmişədir. Mahnı hələ heç yerdə səsləndirilməyib. Onu yenicə yazıb qurtarmışam.
- Mahnıdan bir-iki sətir oxuya bilərsiz? - Məncə, gözləsəniz yaxşıdır. Yəni mahnı çıxandan sonra qulaq assanız, yaxşı olar. Onu da əlavə edim ki, bir neçə dəfə İsveçdə mənə onları "Eurovision"da təmsil etməyi təklif ediblər. Amma bunun üçün nə vaxtım olub, nə də düzünü desəm, niyyətim. İndi isə bilmirəm niyə, amma iştirak etmək arzusundayam. Buna səbəb həm də birbaşa olaraq finala çıxmaq və Azərbaycandan olmağımdır bəlkə də. Bir də ki, mahnını yazandan sonra lap qəti qərarımı verdim. Mən Aysellə görüşmüşəm. Onunla bir həftə vaxt keçirdim. Onun ifasına qulaq asdım. Xoşuma gəldi. Mən bununla yalnız fəxr edə bilərəm. Həm yaxşı ifaçı ilə işləyirəm, həm də əlimdə yaxşı mahnı var. İşlədiyimiz dəstə də əladır.
- Araş, Siz uğura inanırsız? - Mən uğura inanan biriyəm. Artıq uzun müddətdir ki, bu bizneslə məşğul oluram. Musiqi sənayesi ilə yaxından tanışam. Mən bir şeyi öyrənmişəm ki, heç nəyi bilmək olmaz. Bunu deməklə yanaşı ilk üçlüyə çıxmasam, çox məyus olacam. Beşinci, ya da altıncı yerə çıxsam, bu o demək olacaq ki, yaxşı səy göstərməmişəm. Əlbəttə ki, qələbə qazanmağa ümid edirəm.
- Araş, siz mahnılarınızda Yaxın Şərq elemenlərindən istifadə edirsiniz. Bəs bu mahnınıza necə, Azərbaycan elementlərini daxil edəcəksinizmi? - Əlbəttə ki, mahnıda Yaxın Şərq, İran, Azərbaycan elementləri olacaq. Amma mahnının özü Avropa üslubundadır. |