Eurovision Dance" Bakıdan 25 ölkəyə yayımlanacaq
İsmayıl Ömərov: “Azərbaycana 10 000 turistin gələcəyi nəzərdə tutulub və onları qəbul etməyə tam hazırıq”
Azərbaycan Avroviziya rəqs müsabiqəsinə ( "Eurovision Dance") ev sahibliyi etmək üçün keçirilən tenderin qalibi olub. Bu gün Gənclər və İdman Nazirliyində sözügedən müsabiqənin ölkəmizdə keçiriləcəyi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, Avroviziya rəqs müsabiqəsinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Adil Kərimli, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı, layihənin baş prodüsseri Fərhad Hacıyev media nümayəndələrinin suallarını cavablandırıblar. Mətbuat konfransında qeyd olunub ki, 5 ölkənin iştirak etdiyi tenderin qalibi olmaq üçün həmin ölkədə yüksək təhlükəsizlik olmalıdır. Bu ölkə isə Azərbaycan olub.
Mətbuat konfransında bildirilib ki, bu müsabiqənin ölkəmizdə keçirilməsi dünya ölkələrinin fikrini Azərbaycana, onun mədəniyyətinə yönəldəcək. Onlar Azərbaycanla daha da çox maraqlanmağa çalışacaqlar.
Adil Kərimli qeyd edib ki, bu günə qədər olan məlumata görə, müsabiqə dünyanın 25 ölkəsinə yayımlanacaq. Tədbirdə qeyd olunub ki, Azərbaycanı təmsil edəcək iştirakçı seçim yolu ilə təyin olunacaq. İ.Ömərovun sözlərinə görə, bu seçimdə yalnız yaxşıların-yaxşısı qalib olacaq.
Konfransda qeyd olunub ki, bu müsabiqə Avropada ənənə halını alsa da, Şərqdə ilk dəfədir keçirilir. Müsabiqənin keçirilməsi üçün ev sahibliyi edəcək ölkənin resursları, idman-konsert kompleksləri, turistləri qəbul edəcək infrastrukturu və ən əsası yüksək təhlükəsizliyin qorunması nəzərə alınır. Ölkəmizin bu kriteriyalara tam cavab verməsi nəticəsində tenderdə qalib gəldiyini qeyd edən İ.Ömərov, müsabiqənin aparıcısının dünya şöhrətli ulduzlardan birinin olacağını bildirib: "Azərbaycana 10 000 turistin gələcəyi nəzərdə tutulub və onları qəbul etməyə tam hazırıq. İndi isə, daha da çox turistlər gələrsə, onları da qəbul etmək üçün hazırlıq işləri gedir və müsabiqəyə qədər hər şey tam hazır olacaq".
Əgər istəsələr, tədbirdə Ermənistan rəqqaslarının da bu müsabiqədə iştirak edə biləcəkləri qeyd olunub.
|