Day.Az saytı fəaliyyətini dayandırıb
Bunun səbəbləri ilə bağlı çoxsaylı ehtimallar səslənsə də, saytın rəhbərliyi hələlik heç bir açıqlama vermirans
Azərbaycanın ən oxunaqlı rusdilli xəbər saytı olan «Day.Az» bağlanıb. Hələlik bunun səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Saytın redaktoru Elnur Baimov telefon zənglərinə cavab vermir. Saytın redaksiyasında isə telefona cavab verən şəxs ANS PRESS-ə bildirib ki, sayt bağlanıb və hazırda redaksiyada ondan başqa heç kim yoxdur. Dayaz.com saytında isə qeyri-müəyyən izahat verilib: «Layihə fəaliyyətini dayandırıb»
Rusiya informasiya mənbələrinin yaydığı məlumata görə, saytın bağlanması siyasi səbəblərlə bağlıdır. Məsələn, ermənilərə yaxınlığı ilə seçilən «Regnum» agentliyi xəbər yayıb ki, Day.Az-ın bağlanmasına səbəb, Rusiya mövzusu ilə bağlı saytda yerləşdirilmiş müsahibə olub. Qeyd edək ki, day.az-la bərabər onun ingilis dilli versiyası olan today.az saytı da fəaliyyətini dayandırıb. Ermənistanın panorama.am saytı isə məlumat yayıb ki, Day.Az, referendum ərəfəsində Azərbaycandakı iqtisadi tənəzzüllə bağlı material yerləşdirib və saytın bağlanması bununla bağlıdır. Amma bu xəbərin həqiqətə uyğun olmadığı və təxribat xarakteri daşıdığı dərhal hiss olunur. Çünki xəbərdə bildirilir ki, day.az-da yayılan xəbər Dövlət Statistika Komitəsinə məxsusdur. Rəsmi dövlət orqanının həmin məlumatını ANS PRESS də yayıb: .Bu isə həmin məlumata görə hansısa KİV-in fəaliyyətini dayandırmasının inandırıcı olmadığını göstərir.
Xatırladaq ki, fevralın 18-də axşam saatlarından etibarən Day.Az saytına daxil olmaq mümkün olmayıb. Həmin vaxt ANS PRESS-ə açıqlamasında saytın redaktoru Elnur Baimov bildirmişdi ki, problem texniki səbəblərlə bağlıdır və mütəxəssislər problemin aradan qaldırılmasına çalışır. Az sonra eyni məzmunlu bildiriş saytda da yerləşdirildi. |