Qarabağ getsə əgər
Məni udsun qara torpağ, Qarabağ getsə əgər, Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi, Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.
Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq, Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.
Qorxudar bir gecə vallah səni xalqın qəzəbi, Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.
Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək, Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.
Oynasaq erməninin işvə-nazıynan yenə biz, Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq, Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.
Qatılır gah vəhabiylə xristian bu işə, Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.
Belə sirli və müəmmalı gedişnən, Pünhan, Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.
15 iyun, 2001
Mən nə dedim ki?!
Yoxdan gələni var elədim, mən nə dedim ki?! Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir, Söz udmağa vadar elədim, mən nə dedim ki?!
Xofdan əyilib bütpərəs olmuşlar önündə, Qansız bütü inkar elədim, mən nə dedim ki?!
Allahı unutmuşlara xatırladan oldum, Qafilləri hüşyar elədim, mən nə dedim ki?!
Tərk eylədi şeytan bu könül mülkünü getdi, Haqqımla yerin dar elədim, mən nə dedim ki?!
Can verdi Xuda, amma ki, eşq istədi məndən, Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!
Gördüm ki, pul üstündə bu dünyanı tuturlar, Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!
Haqqın özün axtardım onun qəbrini tapdım, Amma sözün aşkar elədim, mən nə dedim ki?!
Pünhan, mən əməl dəftərini şerə çevirdim, Yəni onu təkrar elədim, mən nə dedim ki?!
2 avqust, 2002
Həsrət dolu gözlər dikilib dağlara qaldı, Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
Torpaqlarımız getdiyi gündən əlimizdən, Əllər uzanıb şorməzə torpaqlara qaldı.
Allahdeyən oldu, deyilənlər boşa çıxdı, Yersiz hədə qorxu quru barmaqlara qaldı.
Xofdan elə güldü, elə bil mayda gül açdı, Vacib işimiz maygülü yaltaqlara qaldı.
Şənlikdə bir alçağı şişirdib dağa qoydu, Mənlik ayaq altındakı tapdaqlara qaldı.
Əyri bel ilə əkdiyi də çıxdı əyilmiş, Yəni ki, bu xislət gələcək çağlara qaldı.
Göy partladı yer çatladı nankorlar əlindən, Uçdu haram evlər daşı çatdaqlara qaldı.
Bayram günü bayraqdara dəydikcə təpiklər, Bayraq kimi yüksəlmək o bayraqdara qaldı.
Dövlət, onun uğrundakı yaltaqlara, Pünhan, Zillət vətən uğrundakı dustaqlara qaldı.
4 aprel, 2001 |