İsraildə Məhəmməd Peyğəmbər təhqir edilib
«Kanal 10» televiziyasında yayımlanan yarışma proqramının iştirakçısı ayaqqabılarının birinə "Məhəmməd" deyə xitab edib
İsraildə televiziya proqramlarından birində yarışma iştirakçılarından biri ayaqqabısına "Məhəmməd" deyə xitab etməsi İsraildə yaşayan ərəbləri və bütün müsəlmanları qəzəbləndirib. "Haarets" qəzetinin xəbərinə görə, İsrailin «Kanal 10» televiziyasında yayımlanan yarışma proqramı- «Surviver»in Natan Beşevkin adlı iştirakçısı yarışmanı tərk edən israilli ərəb olan Nesrini araya qoymaq üçün ayaqqabılarının birinə "Nəsrin", birinə isə "Məhəmməd" deyə xitab edib. Bu isə İsraildə yaşayan ərəbləri qəzəbləndirib.
Qəzetin yazdığına görə, hər iki iştirakçı yarışma boyu bir-biri ilə anlaşa bilməyib və Beşevkinin daima Nəsrinə belə atmacalar atıb. İsrailli ərəb millət vəkili Şeyx İbrahim Tzarzur isə bu proqramı çirkin bir kampaniya adlandıraraq «Kanal 10»u İslam və Xristianlığa qarşı kampaniya aparmaqla "odla oynadığını" bildirib.
Xatırladaq ki, İsrailin baş naziri Ehud Olmert bir neçə gün öncə də «Kanal 10» televiziyasındakı tok-şouda Həzrəti İsa və Həzrəti Məryəmin təhqir edilməsinə görə xristianlardan üzr istəmişdi. /ANS PRESS/ |