ZİRƏDDİN RZAYEV HAQDA ŞOK MƏLUMATLAR
«Ekstrasens Bakıda satanist qrup yaratmaq istəyir»
282: Son günlərin haqqında ən çox danışılan insanı, ekstrasens Zirəddin Rzayev haqda şok məlumatlar yayılıb. Belə ki, «Yeni Çağ» qəzeti Z.Rzayevin əslində Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu yazıb. Məlumatda əvvəllər ekstrasenslərlə bağlı verilişlərə tamaşaçı kimi qatılan bu Zirəddin Rzayevin iki il öncə Rusiyaya getdiyi və orada Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə düşdüyü bildirilir.
Qəzet xatırladır ki, təkcə ruslar deyil, eyni zamanda böyük xüsusi xidmət orqanlarının bir çoxu tanınmış ekstrasenslərin «əməyindən» bəhrələnir. İnsanların böyük əksəriyyətinin bu yalanlara inandığını nəzərə alan XXO-lar bəzən ekstrasenslərin açıqlamaları ilə ölkələrin gündəmini belə həll edirlər. Yazıda göstərilir ki, məhz bu məqamda Zirəddin Rzayev adlı «ulduzu son dönəmlərdə parlayan» falçının Rusiya qaynaqlı olması diqqətçəkicidir: «Moskvadakı dostlarımızdan alınan bilgilərdə isə bildirilir ki, «Zirəddin Rzayev Moskvada yaşayarkən, heç də dinə bağlı adam kimi tanınmayıb. O, əyyaşlıqla məşğul olub və bütün gününü satanist barlarda keçirirmiş».
Qəzetin iddiasına görə, o məhz rus və erməni xüsusi xidmət orqanlarının təlimatı ilə satanist qrupların arasına salınıb. Və orada təlimini başa vurduqdan sonra Zirəddinin Azərbaycana gələrək, burada satanist qruplar yaratmaq istədiyi barədə məlumatlar var. «Yeni Çağ»ın araşdırmasına görə, onun xüsusilə, 2006-cı ildə Moskvadakı erməni ekstrasens dostları ilə birlikdə İrəvana gizli səfər etməsi ilə bağlı məlumatların dolaşması şübhələri daha da artırır.
«Məlumatda o da deyilir ki, bir çox ekstrasenslə birlikdə Bakı kənarında tez-tez bir araya gələn Zirəddin Rzayev adlı ekstrasens hazırda Bakıdakı satanistlərin də sevimlisidir. Belə ki, azlıq olsa da mövcud olduqları dövlət rəsmiləri tərəfindən təsdiqlənən satanistlər bu şəkildə ideyalarını efirdən yaymaq şansı əldə edirlər. Elə Zirəddin Rzayevin şübhəli davranışları, xüsusilə bu barədə suallar və ittihamlarla üzləşməmək üçün bazarertəsi ATV-də "El içində" verilişinə çıxmaqdan imtina etməsi torbada pişik olduğundan xəbər verir. Yalnız kəskin sualların verilməyəcəyi və öz fikrini yayacağı yerlərdə görünməsi onun barəsində deyilənlərin həqiqət olması barədə rəy formalaşdırır» deyə, qəzet yazır.
|