ÇELİKİ BAKIDAN TUTUB APARACAQLAR
"Ergenekon" prokuroru bir neçə ay əvvəl Bakıya köçən müğənninin təhvil verilməsini istəyir
Türkiyədə “Ergenekon” istintaqını aparan prokuror Zəkəriyyə Öz bir neçə aydır Bakıda yaşayan müğənni Çelik Erişçinin tutulub istintaqa cəlb olunması haqda vəsadət qaldırıb. “Hürriyət” qəzetinin yazdığına görə, müğənni iki nəfərin qətlində və “Ergenekon”un liderlərindən biri kimi həbs olunan Atilla Uğurla cinayət əlaqələrində şübhəli hesab edilir. Bildirilir ki, prokuror müğənninin istefada olan kapitan, “Dost” təriqəti lideru İhsan Güvən və həyat yoldaşının 2004-cü ildə şübhəli şəkildə öldürülməsi ilə bağlı dindirilməsinə ehtiyac görüb.
Prokuror bu qətl hadisəsi ilə bağlı həbs edilənlərin mühakimə olunduğu məhkəməyə göndərdiyi sorğuda yazıb ki, Çelikin İhsan Güvənlə eyni təriqətə mənsub olmasına baxmayaraq, öldürülməmiş olması şübhəli görünür. Həmçinin prokuror Çelikin “Ergenekon” əməliyyatlarında həbs edilən Ergün Poyraz, ordu generalı Şener Eruyğurla da bağlantılarını araşdırmaq istəyib. Zəkəriyyə Özün məktubunda deyilir ki, müğənninin İhsan Güvən və 2002-ci ildə öldürülən elm adamı Necvib Hablemitoğlu ilə birlikdə çəkilmiş fotoşəkilləri onların əlaqələrinin olduğuna dəlalət edir.
Prokuror onu da qeyd edir ki, müğənni Çelikin “Ergenekon” əməliyyatında həbs edilmiş Atilla Uğurla da əlaqələrinin olduğu barədə iddialar var. Zəkəriyyə Özə görə, “Dost” təriqətinin liderinin öldürülməsi cinayəti “Ergenekon”la bağlı ola bilər. Prokurorun vəsatəti əsasında məhkəmə heyəti Çelikin istintaqa cəlb edilməsi haqda qərar çıxarıb. Qərara görə, əgər müğənni könüllü şəkildə istintaqa gəlməsə, o zaman onun zorla gətirilməsi haqda tədbir görülməlidir. Çelkin hazırda Azərbaycanda yaşadığı nəzərə alaraq onun istintaqa cəlb edilməsi üçün Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə sorğu göndərilməsi qərara alınıb. Qeyd edək ki, Çelik hazırda Bakıdakı restoranlardan birində müğənni kimi fəaliyyət göstərir. O, yaşamaq üçün Bakını seçdiyini elan etmişdi. //282 |