«Lider»in aparıcısı xalqı təhqir etdi
Telekanal «Əyri-düz» verilişini iki dəfə efirə versə də, həmin fikri montaj etməyib
Turan İbrahimovun Natəvan Həbibiyə məsləhəti: «Get Gədəbəydən, ya da Qazaxın kəndindən oğlan tapıb gətir, əhlilləşdir, sonra da onunla ailə qur»
«Lider» telekanalında yayımlanan «Əyri-düz» verilişinin aparıcısı Turan sonuncu verilişində Gədəbəy və Qazax əhalisini təhqir edib. Müsahibi Natəvan Həbibini öz sualları ilə özündən çıxaran aparıcı müğənniyə məsləhət verməkdən də çəkinməyib: «Get Gədəbəydən, ya da Qazaxın kəndindən oğlan tapıb gətir, əhlilləşdir, sonra da onunla ailə qur».
İzahlı lüğətdə «əhliləşdirmək» sözünün heyvanlara şamil edildiyini nəzərə alıb aparıcının bir bölgənin əhalisinin təhqir etdiyini demək mümkündür. Onu da qeyd edək ki, bu veriliş canlı yayımlanmır. Həmin fikrin montaj edilməməsi, olduğu kimi efirə verilməsi isə kanal rəhbərliyinin əyalət adamlarına yuxarıdan aşağı baxmasının göstəricisi kimi də qəbul oluna bilər.
Maraqlıdır ki, veriliş iki dəfə efirə verilsə də, mövcud faktla bağlı heç bir ölçü götürülməyib. Halbuki «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı irəli sürülmüş ittihamlardan biri də mili ayrı-seçkiliklə bağlı idi. Turandan fərqli olaraq, E.Fətullayev kimsəni təhqir etməmiş, sadəcə rayonlardan birinin icra başçısı postuna həmişə naxçıvanlıların təyin edildiyini önə çəkmişdi. Hakimiyyət kanalında işləmək qanun qarşısında hər hansı «imtiyaz»a sahib olmaq demək deyil və hesab edirik ki, Turan növbəti verilişlərində mütləq adını çəkdiyi rayonların əhalisindən üzr istəməlidir. // 282 |