AYSELLƏ ARAŞIN ADI QUMARDA HALLANIR
“Eurovision-2009”da azərbaycanlı təmsilçilərin qələbəsinə pul qoyanlar 9 qat uduş əldə edəcək
Dünyanın nüfuzlu bukmeyker şirkətləri “Eurovision-2009" mahnı müsabiqəsində azərbaycanlı təmsilçilərin qələbə şansını yüksək qiymətləndirib. Tanınmış ”Uilyam Hill" və “Gamebookers” bukmeyker şirkətləri bu yarışmada öncə şanslı hesab etdikləri ilk üçlüyün tərkibini açıqlayıblar. “Uilyam Hill”ə görə, 42 ölkə sırasında Norveç (əmsal 3.00), Yunanıstan (6.00) və Türkiyə (əmsal 10.00) təmsilçilərinin qalib gəlmək şansı yüksəkdirsə, “Gamebookers”in ilk üçlüyünə Norveç (əmsal 3.25), Yunanıstan (əmsal 5.50) və Azərbaycan (əmsal 9.00) daxildir. Deməli, bu müsabiqədə “Always” adlı mahnı ilə çıxış edəcək Aysellə Araş qalib gələcəyi təqdirdə onun qələbəsinə pul qoyanlar 9 qat uduş əldə edə biləcək. “Gamebookers” Türkiyə təmsilçisi Hadisə Açıqgözü qalib gəlməyə 4-cü şanslı namizəd sayır. Hadisənin qələbə ehtimalı bu şirkət tərəfindən 1/10 olaraq qiymətləndirilib (əmsal 10.00). Qeyd edək ki, bukmeykerlərin qalib gəlmək şansı tanımadığı ölkələr siyahısında Ermənistan, Belçika, Almaniya, Bolqarıstan, Belarus, Hollandiya, Litva, Çexiya, Albaniya, Makedoniya, Andorra, Kipr, Latviya, Polşa, Xorvatiya və Slovakiyanın adı çəkilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Araşla Aysel dünən Dubayda konsert proqramı çıxış ediblər. Türkiyəli təmsilçi Hadisənin isə beynəlxalq yarışmada ifa edəcəyi “Düm tək-tək” mahnısına çəkdirdiyi klipin TRT telekanalında yayılmasına qadağa qoyulub. TRT yönəticiləri Hadisənin həm geyimində, həm də hərəkətlərindəki açıq-saçıqlığa görə klipi efirə verməkdən imtina edib. Qeyd edək ki, klipi Tarkanın əksər kliplərinin rejissoru Metin Arolat çəkib. |