NAXÇIVANLI AİLƏ ERMƏNİSTANA KEÇMƏK İSTƏYİB
Yerli məmurların özbaşınalığı insanları təngə gətirib
Bu günlərdə Naxçıvanın Şərur rayonunda xoşagəlməz hadisə baş verib. Belə ki, rayonda satirik şair kimi ad çıxarmış Vaqif Əsrar (Əliyev) ailəsini götürərək Ermənistana keçmək istəyib. Bu barədə “Yeni Müsavat”a bölgədəki əməkdaşı məlumat verib. Onun sözlərinə görə, bu günlərdə Vaqif Əsrarın oğlu İdrak Əliyev həyat yoldaşı ilə birlikdə ticarət məqsədilə İrana getmək istəyib. Ancaq gömrük keçid məntəqəsində həyat yoldaşını buraxsalar da, onun özünü saxlayıblar. Səbəbini soruşduqda İdraka bildiriblər ki, Daxili İşlər Nazirliyindən açıqlama gətirməlidir: “İdrak isə baş verənləri atasına deyib. Bundan əsəbiləşən Vaqif Əliyev ailə üzvləri ilə birlikdə Sədərək avtobusuna minərək Ermənistana keçmək istədiyini deyib. V.Əliyev getməmişdən öncə MTN-in Şərur şöbəsinə bildirib ki, o, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun əlindən belə bir addım atmaq niyyətinə düşüb. O, həmçinin, Ermənistandan keçib Gürcüstanda yaşamaq istədiyini deyib. Vaqif müəllim 2 ildir təqib və təzyiqlərə məruz qaldığını və bu təzyiqlərə dözməyən 2 oğlunun artıq Naxçıvandakı evlərini sataraq Bakıya köçdüyünü bildirib”. V.Əliyev qəzetə deyib ki, Mahir adlı polis əməkdaşı bir neçə dəfə onun oğlu İdrakın cibinə narkotik maddə atdırmaq istəyib: “Şərur Polis Şöbəsinin rəisi Məmməd İsmayılov nə qədər intizam yaratmaq istəsə də, onun işçiləri oğlumu şərləyib içəri atmaq istəyir”. |