Elnarə yenə ana olacaq
Müğənni telekanallara və mətbu orqanlara müsahibəni qonorarla verəcək
Elnarə Xəlilova növbəti dəfə ana olacaq. Müğənni bu üzdən efirlərdə – maqazin proqramlarında az-az görünməyə başlayıb. O, mətbuata müsahibəsində «həyat yoldaşım xaricə işləməyə getsə, sənətimi atıb onunla gedərəm» - deyib. Elnarə əlavə edib ki, ailəsi onun üçün hər şeydən, hətta sənətindən də üstündür: «On ildir peşəkar səhnədəyəm. Hələ ki, bəhrəsini görmürəm, ona görə də sənət mənim üçün ailədən üstün ola bilməz. Nə olsun ki, tanınan müğənniyəm. Mən bu gün insanların xoşladığı müğənniyəmsə, bundan ötrü ailə xoşbəxtliyimdən keçəsi deyiləm». Müğənni onu da deyib ki, toylara gec-gec gedir. Toy yiyəsi ilə danışarkən yaxşıca götür-qoy edir: «Hansı toya getmək lazım olduğunu özüm seçirəm. Getdiyim məclisdə gəlinin, bəyin nəsil-nəcabətini öyrənirəm. Bir sözlə, toylarda oxumaq üçün kimsə məni seçmir, mən seçirəm».
Elnarə Xəlilovanın mətbuat sözçüsü Tünzalə də «Bizim Yol»a bildirib ki, həqiqətən müğəni toylarının sayını azaldıb: «Elnarə ailə qurandan sonra toylara az gedir. Amma o, toy qonorarını kifayət qədər yüksək edib».
Mətbuat sözçüsü söhbət əsnasında bildirdi ki, Elnarə Xəlilova bəzi telekanallara və mətbu orqanlara müsahibəni qonorarla verəcək: «Biz bununla bağlı hansısa məbləğ müəyyənləşdirməmişik. Sadəcə, müsahibə almaq istəyən mətbu orqanın maddi durumuna uyğun qiymət müəyyənləşdirəcəyik. Hazırda Elnarə növbəti dəfə ana olacaq deyə, daha çox istirahətə üstünlük verir». |