ANAM ÖLDÜMÜ?
Nə tez əllərini üzdün dünyadan, Balanı tək qoyub hara getdin sən? Necə yox olurmuş bir anda insan, Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi... otaq qaraldı, Bir anda yox oldun sən xəyal kimi. İndi düşünürəm: Səndən nə qaldı, Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana Bizə borclu bildik hər zaman səni. Sən məni dünyaya gətirdin, ana, Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan Bu gün laylay çalım sənə məndəmi? Sənin şirin-şirin laylalarmı Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə, "Yuxun şirin olsun" - deyimmi sənə? Gərək mən başına dönəm-dolanım, Məni həyat üçün yatıran anam, Söylə ölümçün Necə yatırım Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən, Cilvəsi cürbəcür, rəngi cürbəcür Dünən nəfəsiylə səni isidən Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır, İnsan oğlunun Xəyalı göydədir, özü yerdədir, Sağ ikən çiynində həyatın yükü, Öləndə cəsədi çiyinlərdədir... Bu necə dünyadır, bu necə dünya, Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, . Niyə üz döndərdin, bəs niyə məndən? "Dərdin mənə gəlsin!" - deyərdin axı, Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir, Mən səni, mən səni incidən qədər. İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin. Gözüm axtarcıdır, ana, ay ana, "Nənəm hanı?" - deyir körpə Azərin, Mən nə cavab verim, ona, ay ana? Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən? Nəfəsin, ay anam, hələ evdədir, Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu... anam, yeddi gün, Bizimlə bərabər ağlar otaqlar. Sənə, yalnız sənə, sənə deməkçün Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağıraq bu gün yeddiyə?" Xalalar, bacılar soruşur məndən. Anamdan soruşaq, o bilər deyə, Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa, Bu ölüm, sinəmə çəkdi dağ mənim. Sən mənim arxamda bənzərdin dağa, Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın. Bu da göz dağıdır mənə bu gün də. Son dəfə sən mənə baxıb ağladın, Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış yaşında. Altmışın üstündə durub yaşın da. Artıq sənin üçün dayanan zaman Mənimçün dolanır... Gün olur axşam. Vaxt keçir, sən məndən uzaqlaşırsan, Mən sənə günbəgün yaxmlaşıram.
Bəxtiyar Vahabzadə!
Fikirlərinizi bildirməyi unutmayin... |