Nəvələri Kərim kişinin üstünə düşüb tələb edirdilər ki, namaz qılsın, oruc tutsun, Allahın yoluna gəlsin. Kərim kişi də bircə onu deyirdi ki, Allahdan utanır, ona görə də namaza yaxınlaşa bilmir. Niyə utanır? - yetmiş yaşlı Kərim kişi bunun səbəbini kimsəyə söyləmirdi. Amma insafən Kərim dayı çox mülayim, yolagələn adam idi və nəvələrinin tələbinin doğru olduğunu da yaxşı bilirdi, elə buna görə də onların istəklərini yerinə yetirdi. Allahdan utanmağının səbəbini isə nəvələrinə söyləməyə dili gəlməsə də biz bunu öyrənə bildik. Kərim kişi deyir ki, bu yaşa qədər cəmi iki dəfə məscidə Allaha yalvarmağa gedib. Birinci dəfə bir istək, bir qara sevda üçün gedib, ikinci dəfə də bir bəladan qurtarmağına şükür etmək üçün. Məsələ belə olub. Kərim kişi gəncliyində Nazənin adlı bir qızı sevirmiş, qız da ona qarşı laqeyd deyilmiş. Kərim gecə-gündüz Nazənini düşünür, onun xəyalını başından çıxara bilmirdi. Atası ölmüşdü, anası isə bu işə heç razı deyildi. Əsgərlik vaxtı çatmışdı, bir gecə Kərim məscidə gedib bir küncdə büzüşüb oturmuş, içindən Allaha yalvarmışdı ki, Nazənini ondan başqasına qismət eləməsin. Amma üç il əsgərlik çəkib gələndə görür ki, Nazənin onların qonşuluğuna gəlin gəlib. Kərim bərk sarsılmışdı, hətta evdən baş götürüb getməyi də fikirləşmişdi. Amma buna fürsət tapa bilməmişdi, onun əsgərlikdən dönməsini gözləyirdilər ki, bacısı Güldəstəni gəlin aparsınlar, toydan sonra anası bərk xəstələndi və sərasər üç ay yataqdan qalxa bilmədi. Sonra dayısı oğlu bir nəfəri güllə ilə vurub öldürdü və ortaya düşən qan davası səngiməmiş aradan çıxmaq namərdlik olardı. Beləcə hadisələr axarında Kərimin başı necə qarışdısa, bir vaxt ayıldı ki, Nazəninsiz də yaşaya bilir və başını aşağı salıb adamlara qarışdı. Kolxoz işinə gedib, tövlə tikdi, arx çəkdi, qarğı-qamış qırdı, tövlə təmizlədi və oldu hamının biri. Qohum-qardaş toplaşıb Kərimi bugünkü xanımı ilə evləndirdilər. Nə qədər ağır olsa da Kərim həyatın bu axarına ayaq uydurmağa, özünü axar suya təslim edib üzüaşağı üzməyə davam elədi. Bir də baxdı ki, oğul-uşaq sahibidir. Bir vaxtlar dərdindən dəli olduğu Nazənin çəpərin o üzündə, evində isə heç tanımadığı, xasiyyətinə bələd olmadan evləndiyi Güllü öz evinin içində. “Qonşu qonşunun külünə möhtacdır”, - deyiblər. Bu evin toyuğu o evin qapısına, o evin quzusu bu evin bostanına girməsə, nə qonşuluq oldu ki? Arada bir söz-söhbət də olurdu. Amma insafən hər dəfə də Kərimin xanımı işi altdan alar, səsini çıxarmazdı. Kərim yavaş-yavaş anlamağa başlamışdı ki, deyəsən arvadı Güllü nakam sevgilisindən çox-çox yaxşı adamdır. Bir dəfə də nə olmuşdusa, Nazənin heç bir şeyin üstündə qonşularla bir mərəkə qopardı, bir söyüşlər söydü ki, nə dilə alınası, nə yazıya yazılasıdır. Nazəninin o söyüşlərini eşidəndə Kərimin ürəyindəki bütün nisgilləri, yükü, illərdən bəri asılıb qalmış gileyi, qara sevdası, bütün ağrı-acısı qopub ayaqlarının altına düşdü və o gecə o həyatında ikinci dəfə məscidə gedib üzünü yerə qoydu “Allahım, nə yaxşı ki, sən o vaxt bu sərsəm qulunun dualarını eşidib onu cəhənnəm oduna atmamısan. Bu cahil qulun səndən nə istəsə də sən ona ancaq xeyirli olanı ver”, - deyib evinə dönmüşdü. Öləndə də balalarını başına yığıb bircə vəsiyyət eləmişdi: “Allah-Təaladan bir şey istəyəndə, deyin ki, Allahım, əgər xeyirlidirsə, filan şeyi mənə qismət elə, xeyirli deyilsə, nəyi rəva bilirsənsə, onu ver”, - deyin.
Əslinə qalanda Kərim kişinin başına gələnlər bu və ya digər şəkildə çoxumuzun başına gəlib. Amma biz başımıza gələnlərin fərqinə vara bilmirik, baş verənləri doğru-düzgün oxuya bilmirik. Allah-Təala bizi bizdən daha yaxşı tanıyır. Bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu da Allah-Təala bilir. Dua bəndənin Allaha yönəlməsi, dərdini Ona söyləməsi, öz acizliyini etiraf edib yardım diləməsidir. Dua - Allahla danışmağın adıdır. İnsanlardan zülm görənin, haqqı tapdananın duası gərilmiş yaydan çıxan ox kimi ünvanına yetişər. Yetimin də, qəribin də duası ünvanına tez yetişər.
Hay-küylə, zahiri göstərişlə oxunan dua içinə yalan qarışdırılmış söhbət kimidir. Gerçəyi zahirdə yox, batində axtaranlar dua məqamında öz içinə dalar, Haqqa varan yolu orada arayar və o yollardan Uca Məqama üz tutarlar.
İnsanın insana verə biləcəyi ən gözəl şey içindən gələn, ən səmimi duyğuları ilə yoğurduğu duasıdır: Allah səndən razı olsun! Bu dörd söz bəlkə də bütün duaların başıdır. Çünki Allah-Təalanın razı qaldığı bir bəndənin daha nə dərdi ola bilər ki? Və ya bəndə üçün Allahın razılığını qazanmaqdan yüksək bir nemət ola bilərmi?
Dua - istəmək, yalvarmaq, hər şeyin sahibinə üz tutmaq, öz zəifliyini etiraf etmək, dərdinə çarə diləməkdir. Dolayısı ilə dua həm də özünü tərbiyədir.
“Hər ağızda bir dua var, hər tikədə bir ovsana” deyib ulularımız. Acizin, zəifin, yetimin imdadına yetişib, əlindən tutmağı tövsiyə ediblər və deyiblər ki, onların dilindən qopan dua bir vaxt qızmar çöllərdə başınızın üstündə bulud, qaranlıqda yolunuza düşən işıq olar. Bəziləri bu düşüncəyə ticarət hesabı kimi də baxa bilərlər. Olsun, heç olmamaqdansa ticari düşüncə ilə olması daha yaxşıdır. Bəs bilə-bilə, görə-görə çöp üstə çöp qoymayan, fəryad edənin yanından tükü ürpənmədən keçənlərə nə deyəsən axı?
“Həyatda heç bir günahım, təqsirim yoxdur” demək bəlkə də özü günahdır. Günah əməl işləməkdən kimsə sığortalanmayıb. Amma insanlar günahlarını anladıqdan sonra qəbul etdikləri qərara görə bir-birindən fərqlənirlər. Kimi Adəm babamıza oxşayır, tövbə edir, Allahdan mərhəmət diləyir və doğru yola dönür, kimi də şeytanın yolu ilə gedir, günahında israr edir, tövbə etməyi, üzr istəməyi qüruruna sığışdırmır və kimin yolunu tutursa, ona bənzəməyə başlayır.
Çığıra-çığıra, bağıra-bağıra dua etmək ədəbə uyğun deyil, Allah-Təala bizim qəlbimizi görür, bizi bizdən yaxşı bilir, içindən gərilərək, duyğularının tufanı ilə və bəlkə göz yaşlarının müşaiyəti ilə, bir küncə sıxılaraq səssiz-sədasız oxunan duanın qəbul ediləcəyinə ümid daha çoxdur. Duanı ümid zərfində yollamaq daha doğrudur. Allahın mərhəmətindən ümidsiz olan şeytandır.
Duanızı əsirgəməyin sevdiklərinizdən. Sevmədiklərinizə də dua edin “Allah islah etsin!” deyə. Duamızda sevdalarımız, sevgilərimiz gizlənir. Allah-Təala nə istədiyimizə, niyə istədiyimizə görə bizə dəyər verir. Hər dua bir yoldur, bir mənzilə varar. Allah-Təala cənnəti istəyənə cənnəti, cəhənnəmi istəyənə də cəhənnəmi verər. Amma mərhəmətini əsirgəməz, bizi bağışlayar, tövbə qapısından keçib islah olmamızı istəyər. Tutduğumuz istiqamət və o istiqamətdə atdığımız addım da əməli dualardır. Duanla xeyirə çıxasan!