Daha o sevgi də ovutmaz məni
Kasıb bir gənc padşahın qızına aşiq olur. İçində günbəgün artan bu eşqin onun üçün bir qara sevda olduğunu anlasa da, yenə boş durmur, fikirləşir ki, kimdənsə kömək istəsin. Məmləkətin ən məşhur dərvişinin yanına gedir, padşahın qızına aşiq olduğunu ona söyləyir və kömək istəyir. Dərviş də dərvişmiş ha, bir qədər düşünəndən sonra belə deyir: - Övladım, get, şəhərin girişində, yol ağzında bir yer var, orda otur. Gələn-keçən kim səndən nə soruşsa, sadəcə “Allah” deyə cavab ver. Kasıb gənc dərvişin bu məsləhətindən bir qədər təəccüblənsə də, onun dediklərini eləməli olur, əlindən başqa nə gəlirdi ki? Bəli, bu gənc aşiq gedib dərvişin dediyi o yerdə oturur və “Allah” kəlməsindən başqa ağzından bir söz çıxarmır. Dərviş də onun gündəlik yeyib-içməyini özü gətirir. Hər şeyə “Allah” deyə cavab verən bu gənc getdikcə məmləkətdə məşhur olmağa başlayır. Hər kəs onun necə alovlu bir nida ilə “Allah” deməsindən bəhs edir. Bu gəncin söhbəti gedib padşaha da çatır. Padşah da “Allah” deməklə məşhurlaşan gənci görmək istəyir və dərvişi yanına çağırıb onun haqqında məlumat istəyir. Dərviş də padşaha deyir ki, haqqında danışılan o gənc dövrün ən böyük insanlarından biridir. Padşah “Allah” adından başqa dilinə bir kəlmə gətirməyən bu gəncin ziyarətinə gəlir. Gəlir və sualı suala calayır: “Sən kimsən? Nə istəyirsən? Dərdin nədir?
Burada niyə oturmusan?...” Padşah soruşur, gənc isə “Allah” adından başqa bir söz söyləmir. Padşah başqa bir cavab ala bilmədiyini görüb heyrətlənir və dönüb gedir. Gecə dərviş həmin gəncin yanına gəlir və tapşırır: - Padşah “sənə qızımı verirəm” deyənə qədər ondan bir şey istəmə. Dərvişin dedikləri, həqiqətən də, gerçəkləşir. Padşah gəncin yanından ayrılandan sonra elə hey onu düşünür. Hər ləhzə “Allah, Allah” deyib bayılma həddinə gələn bu gəncin qəlbində böyük bir iman olduğunu düşünür və onunla səmimi münasibət qurmaq üçün götür-qoy edir. Beləcə, bir gün yerindən qalxır və dərvişi də götürüb o gəncin yanına gəlir. Ona xəzinələr dolusu var-dövlət təklif edir, hakimiyyətinin yarısını verəcəyini deyir. Gənc isə “Allah” adından başqa bir söz dilinə gətirmir. Padşah heyrətindən dəli olmaq dərəcəsinə gəlir: “Nə istəyirsən axı? İstəyirsən qızımı da sənə verim”. Padşah bu sözləri söyləyəndə dərviş çox məmnun olur. Çünki artıq onun planı baş tutmuşdur. Gənc öz sevgisinə qovuşacaq. Amma gəncin cavabından padşah da, dərviş də quruyub qalır: - Artıq onu da istəmirəm. Mən bir dünya sevdası ilə “Allah” dedim. Allah dövrün padşahını mənim ayağıma gətirdi və o padşah mənim kimi miskin bir gəncə öz hakimiyyətini və qızını təklif etdi. Əlbəttə, bütün bu işlər Allahdandır. Əgər mən dünya sevdası üçün deyil, məhz Allah rizası üçün “Allah” demiş olsaydım, kim bilir, Allah mənə nələri nəsib edərdi. Bundan sonra mənim üçün Ondan başqası yoxdur, mən Ondan başqa heç nə istəmirəm, nə ötəri sevdaları, nə də fani sərvəti.` |