Namaz dinin dirəyidir və ən yüksək dəyərlərindəndir. Namazın dindəki yeri, başın bədəndəki yeri kimidir. Namaz müsəlmanı kafirdən ayıran bir amildir. Namaz imanı artıran, qulun Rəbbiylə əlaqəsini saxlayan, ruhu sakitləşdirən və nicat yoludur. Xatırlayaq ki, namaz, İsra və Merac gecəsi fərz buyurulub. Bu da namazın xüsusi əhəmiyyət daşımasına kifayətdir. Hər namazda sanki ruhlarımız İsra və Merac gecəsindəki kimi Rəbbimizin yanına gedir. Ancaq bunu hiss etmək və bu hissin ləzzətini yaşamaq hər adama nəsib olmur. Bunun üçün biz namazın əh`əmiyyətini dərk etməliyik. Allahu Təala bizə namaz qılmağı bir çox ayələrdə əmr edib. “Namazları (vaxtında qılmağa) mühafizə edin və (xüsusilə də) orta namazı”. (əl-Bəqərə, 238) “Namaz qılın və zəkat verin”. (əl-Bəqərə, 43) “Həqiqətən namaz möminlər üçün vaxtı dəqiqləşdirilmiş bir əmrdir”. (ən-Nisa, 103) “O kimlərə ki, yer üzündə imkan yaratdıqda namaz qılarlar.” Peyğəmbərimizin (s.a.s) hədislərinə gəldikdə isə, namazın əhəmiyyətini bildirən hədislərə çox rast gəlmək olar. İbn Məsuddan (r.a) rəvayət olunduğuna görə deyir ki, Rəsulullahdan (s.a.s) soruşdum ki, əməllərin ən fəzilətlisi hansıdır? Dedi; “Namazı vaxtında qılmaq”. Dedim sonra hansı? Dedi: “Valideynlərə yaxşılıq etmək” Dedim sonra hansı? Dedi: “Allah yolunda cihad etmək” (Muttəfəqun aleyh). Cabir bin Abdullahdan (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) buyurub ki; “Kişiylə (bir kəslə) küfr və ya şirkin arasında duran, namazı tərk etməkdir.”