Fal yalandan başqa bir şey deyil
Üzülərək söyləyim ki, fal günümüzdə çox geniş yayılıb. Falçılığın geniş yayılmasının əsas səbəblərindən biri də insanların xoş gələcək arzusudur. Falın da müxtəlif növləri var: su falı, ox falı, qəhvə falı, zər atmaq, kart açmaq və s. Hamısı da boş və mənasız işlər, dinimizə zidd olan hallardır. Çünki gələcək haqqında Allahdan başqa heç kim doğru məlumat verə bilməz. Qurani-Kərimdə bu haqda belə buyurulmaqdadır: “De ki, göylərdə və yerdə gizli olanları Allahdan başqa bilən yoxdur” (Nəml/65). Başqa bir yerdə isə belə buyurulmaqdadır: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı”... (Əraf/188). Göründüyü kimi, Allah (c.c) bu ayələrdə Peyğəmbərimizə (s.ə.s.) özünü insanlara necə təqdim etməyi buyurmaqdadır. Peyğəmbərimiz öz səhabələrinə dönə-dönə buyurur ki, o, ancaq Allahın ona çatdırdıqlarını təbliğ edir, qeyb aləmindən Allahın bildirdiyindən başqa heç nə bilmir. Belə olan halda bu gün kimlərinsə su ilə, çay ilə, kim bilir, daha nə ilə fala baxıb gələcəkdən xəbər verməsinə inanmaq nə qədər doğru olar? O cür falçılıq cahillik olmaqla yanaşı, həm də günahdır. Fala inanmaq isə Allahın kitabı olan Qurani-Kərimi inkar etməkdir. |