Suyun altında 135 saat 2 dəqiqə 19 saniyə qalaraq dünya rekordu qıran və adını Ginnesin rekordlar kitabına yazdıran "balıq adam" Cem Karabay akvariumda evlənib. Cem Karabay ilə Samuray Kalkan cütlüyünün Türkiyədə keçirilən toyu üçün sifarişlə 45 tonluq akvarium hazırlanıb. Cütlüyün nigahı da suyun altında bağlanıb. Bunun üçün akvariuma şahidlər, bələdiyyə başçısı da girib.
Nigah mərasimi zamanı suyun altına girənlər xüsusi avadanlıq vasitəsilə danışıblar. Çöldə oturan mütəxəssislər isə danışıqların mərasimə toplaşan qonaqlara və mətbuat nümayəndələrinə ötürülməsini təmin ediblər.
Rəsmi hissədən sonra toy mərasimi çöldə davam edib.