6 aylığında Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim! Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.
5 yaşında Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın? Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm.
10 yaşında Ata: Getdikçə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız. Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək?
15 yaşında Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım. Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?
20 yaşında Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur…Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik. Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.
25 yaşında Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni. Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.
30 yaşında Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır. Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm, yaxşı olar.
40 yaşında Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm. Qızı: Atam getdikcə, lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar… Heç vaxt onun istədiyi övlad olmamışam.
45 yaşında Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də, gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram. Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma…
50 yaşında Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun. Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunu hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?!
55 yaşında Qızı: Atacan sən gedəni yoxluğunu daha çox dərk edirəm. Kaş səni heç üzməyəydim. Heyifslənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni…
|