282: Fransanın ardınca digər Avropa ölkəsi Belçika da hicaba qarşı çıxıb. Belçikanın xarici işlər naziri səlahiyyətlərini icra edən Stiven Vanekkere ölkəsində müsəlman xanımların ictimai yerlərə hicabla gəlməsinə qoyulan qadağanı "əsaslandırıb". "Exo Moskvı" radiosunun məlumatına görə, o bunun dini məsələ olmadığını və "təhlükəsizlik tədbiri" kimi həyata keçirildiyini söyləyib. "Bu qərarın əsasında ictimai təhlükəsizliyin təmini durur. İnsanlar tanınmaz halla gəzirlərsə, bu, əxlaqa uyğun deyil. Odur ki bu qərarı dini məqamlara bağlamaq lazım deyil", - deyə Vanekkere bildirib. Bununla yanaşı, o, xatırladıb ki, Belçikada hicaba qadağa qərarı hələ ki Belçika parlamentinin yalnız aşağı palatasında qəbul olunub. Onun qüvvəyə minməsi üçün Senatın məsələyə "hə" deməsi lazımdır. Xatırladaq ki, son günlər İtaliya polisi də küçəyə çarşabla çıxan tunisli qadını cərimə edib. "France-press" xəbər verir ki, qadın 500 avro cərimələnib. Bu, İtaliyada ictimai yerlərdə çarşab geyinməyə görə qadağının tətbiq edildiyi yanvardan bu yana ilk cərimələmə faktıdır. |