Azəbaycanın mobil saytlarına giriş məhdudlaşdırılıb "az” milli domain adlarında problemlər yaranıb
İki gün əvvəl "Texnoloqii buduşeqo” (Gələcəyin texnologiyaları) şirkətinin (Hosting.ua) Ukraynanın Odessa şəhərində yerləşən ofisində baş vermiş yanğın nəticəsində 100-lərlə serverə ziyan dəyib, çoxsaylı provayderlərin fəaliyyətində problemlər yaranıb. Bu barədə ANS PRESS-ə "mywap.az" kataloqunun rəhbəri Rəşad Mirzəyev məlumat verib.
Qeyd edək ki, Azərbaycan saytlarının çoxunun xarici serverlərdə yerləşdiyi sirr deyil. Bu hadisə Azərbaycan saytlarına da təsirsiz ötüşməyib. R. Mirzəyev qeyd edir ki, buna misal kimi "Netmoney” şirkətinin 4 serverinin "Texnoloqii buduşeqo” şirkətindən alındığını göstərmək olar:
"Bu serverlərdə əsasən wap saytlar yerləşdirilib. Beləliklə də 30-40 faiz Azəbaycanın mobil saytlarına girişlər məhdudlaşdırılıb. Azərbaycanın ən reytinqli mobil kataloqu (Reklam olmasın deyə ad çəkmirik) fəaliyyətini dayandırıb".
Qeyd edək ki, bu kataloqda Azərbaycanın 1700 mobil saytı iştirak edir. Problemin aradan qaldırılması üçün təcili olaraq "NameServer”ləri dəyişmək tələb olunub. Amma Novruz bayramı ilə əlaqədar olaraq "Network Technologies”(Nt.az) şirkəti işləmir. Nəticədə Azərbaycanın ən reytinqli mobil saytları fəaliyyətini bərpa edə bilmir. Dünəndən etibarən "Network Technologies” işə başlayıb.
Artıq "NameServer”lərin dəyişdirilməsi üçün müraciət olunub. Amma yenə də bir nəticə alınmır. Cavab isə budur ki, "Çox sayt var, növbənizi gözləyin, 3 gün ərzində tədbir görüləcək”. Halbuki cəmi 5000-ə yaxın .az domaini satılıb, 1 gün ərzində isə maksimum 50 sayt "NameServer” dəyişər. Bəs NameServer-lərin belə gec dəyişilməsinin səbəbi nədir?
Rəşad Mirzəyev deyir ki, Azərbaycanda İnterneti inkişaf etməkdə davam edir. Amma ".az” domainin qeydiyyat formasını doldurub 1-2 gün ərzində alınması, "NameServer”lərin də dəyişilməsi üçün eyni üsuldan istifadə olunması həqiqətən də inkişaf edən, getdikcə qloballaşan dünyamızda çox gülünc görünür.
Sual yaranır ki, niyə bu proses dünyada olduğu kimi avtomatikləşdirilmir? Niyə biz işğalçı düşmənlərimiz ermənilərdən geri qalmalıyıq. Nəyə görə ".am” domainini internet üzərindən almaq mümkün olur, amma milli domainimizi almaq olmur?
R. Mirzyev bildirir ki, bu problemlər tez bir zamanda həll olunmalıdır və ".az” domaini kiminsə şəxsi mülki yox, bütün Azərbaycanın milli domaini olmalıdır.
Girişi məhdudlaşdırılan saytlardan bir neçəsi:
metbuat.az mywap.az alo.az kod.az anket.az yukle.az netmoney.az saytim.net xmail.az ve s.
|