Azərbaycanda üzüm yığımına başlanılıb. Builki havalar üzüm istehsalı üçün əlverişli olduğundan sahələrdən bol məhsul gözlənilir. Süfrə üzümünü normal qiymətə satan fermerlər isə texniki sortlara alıcı tapa bilmirlər.
Belə ki, üzüm yığımına yenicə başlanılmış Şabran rayonunda fermerlər satış problemi ilə qarşılaşıblar. Builki hava şəraiti üzümçülük üçün əlverişli olsa da fermerlər 1 hektar üzüm sahəsinə 1000 manata qədər xərc qoyduqlarını bildirirlər. Süfrə üzümünü bazarlarda çətinliklə satdıqlarını deyən sahibkarlar texniki sortları satmağa yer tapmırlar.
Sovet dövründən fəaliyyətini dayandıran Qəndob şərab zavodu yenə işləmir. Xaçmazdakı Qafqaz konserv zavodu isə məhsulu ucuz qəbul etdiyindən üzümü ora aparmağa dəymir. Yerli icra hakimiyyətində də fermerlərin satış problemlərinin olduğunu bildirirlər. Bu il Şabranda 160 hektardan 730 ton üzüm yığılacağı gözlənilir. Bu isə ötən illə müqayisədə 200 ton çoxdur.
Samuxda 2 min hektar üzüm sahəsindən 1200 ton məhsul yığılacaq. Bu il məhsul bol olsa da indi fermerlərin əsas məqsədi məhsulu sərfəli qiymətə satmaqdır. Samux rayon İcra Hakimiyyətindən bildirirlər ki, bu il hər hektardan məhsuldarlıq 90-100 sentner olacaq. Halbuki ötən il bu rəqəm 60-80 sentnerə bərabər olub. Amma rayon rəsmiləri məhsul bolluğuna baxmayaraq satış problemlərin olmayacağını bildirirlər.
Hazırda Samuxda bağlarda süfrə üzümünün bir kiloqramı 60-80 qəpiyə, bazarlarda isə 1–1.20 manata satılır. Bölgədə texniki sort üzümün yığımına 10-15 günə başlanılacaq.
Cəlilabada da artıq texniki sort üzümün yığımına başlanılıb. Rayondakı 1500 hektar üzüm sahəsinin 800 hektarında yığım bir neçə gündür davam edir. Bu il süfrə üzümünün qiyməti isə ötən illə müqayisədə 30-40 faiz ucuzlaşıb. İndi belə məhsulun kiloqramı 60 qəpik-1 manat arasında satılır. Texniki sort üzüm isə 35 qəpikdən alınır. Bununsa əsas səbəbi üzüm tədarükü müəssisələrinin az olmasıdır.
Rayonda olan yeganə şərab zavodu isə hər gün 50-60 ton məhsul qəbul edir. Müəssisə müasir texnologiya əsasında qurulsa da, hələlik daxili bazar üçün işləyir. Şərab zavodunun mütəxəssisi Əziz Hüseynovun sözlərinə görə, əsasən xaricdən alınmış avadanlıqlarla təchiz olunmuş üzüm qəbulu xətləri var. Bu da onlara keyfiyyətli şərablar istehsal etməyə imkan verir.
Mütəxəssislərin proqnozlarına görə, bu il Cəlilabadda üzüm istehsalı ötənilkindən 25 faiz çox, təxminən 4 min ton olacaq. Ölkə üzrə isə üzüm istehsalı ötənilkindən 8 faiz çox olacaq.
Kənd Təsərrüfatı Nazirlyinin şöbə müdiri Sabir Vəliyev isə ANS-ə bildirib ki, bu il 14 min hektar sahədə 130 min ton üzüm yığılması gözlənilir. Şöbə müdiri üzümçülüyə marağın artdığını əsas gətirərək son illər yeni üzüm sahələrinin yaradıldığını bildirib.