Azərbaycanda nazir statusunda olan bir komitə sədrinin qızının Londonda erməni oğlanla sevgi macərası yaşaması, onunla bir evdə yaşayaraq, Bakıya dönməkdən imtina etməsi barədə məlumat vermişdik. Bu eşq macərası cəmiyyətimizdə, eləcə də hakimiyyət düşərgəsində sərt qınaq obyektinə çevrilib. Hətta komitə sədrinin vəzifədən götürüldüyü barəsində xəbərlər də dolaşır. Artıq bu məsələ Ermənistanda da müzakirə mövzusuna çevrilib. Erməni mətbuatının yaydığı xəbərə görə, azərbaycanlı nazirin qız ilə eşq yaşayan erməni gəncin həyatı təhlükədədir. Məlumatda deyilir ki, İngiltərədə yaşayan 15 mindən çox azərbaycanlı komitə sədrinə qızının bu cür qəbulolunmaz əməlinə əncam çəkməsini tələb ediblər. pia.az-ın məlumatına görə, dünən 20 min nəfərdən artıq üzvü olan Londonun erməni cəmiyyəti azərbaycanlı qızla eşq yaşayan erməni gəncin Londondakı azərbaycanlılar tərəfindən təhdid olunduğunu bildiriblər. "Onların bir-birini sevməsi şəxsi məsələdir, biz qarışa bilmərik”, deyən erməni cəmiyyətinin üzvləri erməni gəncin adını açıqlamaqdan qorxduqlarını elan ediblər. Xəbərdə deyilir ki, aşiqlər hələ də bir yerdə yaşamağa davam edirlər və lazım olacağı halda, Böyük Britaniyanı tərk etməyə hazırdırlar. Xatırladaq ki, Londonda təhsil alan və yaşayan soydaşlarımız həmin oğlanın erməni olduğunu biliblər və bu münasibətə çox sərt təpki göstəriblər. Ancaq nazir qızı bütün bunlara əhəmiyyət verməyərək erməni ilə münasibətlərini davam etdirib. Bundan sonra söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda təhsil alan, Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərova çatıb. Nazirin oğlu məsələyə çox ciddi şəkildə müdaxilə edib, həmin qızla danışıb onun bu əməlinin bütövlükdə Azərbaycanın adına ləkə olduğunu və bu münasibətə qəti şəkildə son qoymağı tələb edib. Ancaq nazir qızı onun dediklərinə əhəmiyyət verməyib. Bundan sonra T.Heydərov həmin qıza baş verənlər barədə Bakıya xəbər verəcəyini deyib. Ancaq onun bu xəbərdarlığı da nazir qızını fikrindən daşındırmayıb. Mənbənin iddiasına görə, T.Heydərov hətta bu biabırçı münasibətə son qoyulması üçün nazir qızının sevgilisi olan erməniyə də təzyiq edib. Amma bütün bunlar heç bir fayda vermədiyindən məsələ barədə atasını məlumatlandırıb və xahiş edib ki, nə yolla olursa-olsun, həmin nazir qızının Britaniyadan çıxarılmasına nail olsun. K.Heydərov isə dərhal bu biabırçılıqla bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırıb və hadisə ən üst qatda müzakirə olunub. Həmin vaxt K.Heydərov və başqa bir güc naziri birlikdə çox sərt şəkildə bildiriblər ki, bu hadisə bütünlükdə Azərbaycanın adına ləkə və biabırçılıqdır. Ölkə rəhbərliyi həmin nazirdən dərhal bu ləkənin təmizlənməyi tələb edib. Bundan sonra hövlnak hərəkətə keçən nazir qızını Londondan Bakıya gətirməyə çalışsa da, buna nail ola bilməyib. Nazir qızı atasına qəti şəkildə bildirib ki, o, azad bir ölkədə yaşayır və istədiyini edə bilər, heç kim onun bu münasibətinə əngəl törədə bilməz.//"Yeni Müsavat" qəzeti |