Donuz əti niyə haramdır? "İnsanların başlarını ağrıdıb Allahın bu qadağasını nəyə görə etdiyini araşdırmasına ehtiyac yoxdur"
Bütün dinlərdə bir çox şeylər insanlar üçün rəva görülmür. Bu səbəbdən də dindən uzaq olan insanların ilk öncə ağlına bu sual gəlir ki, "əgər haramdırsa onda niyə Allah bunu yaradıb?". İslam dinində nəyinsə halal və ya haram olması Allahın əmrinə tabedir. Əgər Allah bir şeyə "halal" deyirsə, o halaldır, "haram" deyirsə, deməli o haram sayılmalıdır. İslam dinində də belə bir anlayış var ki, Allah bütün halal olmayanları məhz insanların iradəsini sınağa çəkmək üçün yaradıb. Yəni din bir imtahandır ki, hər kəs bir nəfər kimi bu imtahanı verir. Əlbəttə, bu imtahanda Allahın buyurduğu olmazlar, əmrlər də var. Məlum olduğu kimi, İslamın icazə vermədiyi haramlardan biri də donuz ətidir. İslamda donuz əti niyə haram sayılır? Onun zərəri nədir? Bu və digər suallarımızı cavablandıran məşədi İlqar Ağa bildirdi ki, donuz əti həddindən artıq çox yağlıdır: "Dini alimlər onun bir neçə zərərini aşkarlayıblar. Belə ki, bu əti yeyəndə yağ qana keçir. Bunun nəticəsində qan həmin yağ dənəcikləri ilə dolur. Qanda olan artıq miqdarda yağ damarların sərtləşməsinə, təzyiqin qalxmasına və ürək infarktına səbəb olur. Bundan başqa, donuz yağının tərkibində "sudoksin" adlanan zəhərli maddə də var. Bədənə daxil olan zəhərli maddələrin atılması zamanı linfa düyünləri iltihablanır və şişir. Bəzən uşaqlarda boğaz nahiyəsində şişmə ilə müşahidə olunur. Buna çox vaxt "svinka" "donuz" xəstəliyi deyirlər. Başqa adı "skrofulyoz"dur. Xəstəliyin nəticəsində temperatur yüksəlir, ağrılar şiddətlənir, dözülməz bir hal əmələ gəlir. İ.Ağa vurğuladı ki, donuz ətində bol miqdarda sümük bağ toxuması, kükür də çox zəngindir: "Alimlər sübut ediblər ki, bu ətin sayəsində orqanizm yetərincə kükürdlə təmin olunur. Ancaq həddindən artıq miqdarı qığırdaq, əzələ və əsəblərə keçib iltihab, duzlaşma, bel tutulması kimi pis xətsəliklərə yol açır. Donuz ətindən ardıcıl surətdə yeyilərsə, bədəndəki sərt qığırdaq maddəsi yerini donuzdan keçən sümük bağ toxuması ilə əvəz edər. Bu isə qığırdağın yumşalmasına, bədəndə ağrıların artmasına gətirib çıxarır. Diqqətlə nəzər yetirsəniz, donuz əti yeyənlərin əllərinin pəltələşdiyini, bədənində yağlanmanın getdiyini görərsiniz. Eyni zamanda donuzda böyümə hormonu çoxdur. Yeni doğulan donuz bir neçə 100 qramlıq olduğu halda, 6 aya 100 kq-a çatır. Bu qədər sürətli böyümə həmin hormonun təsiri ilə olur. Donuz ətindən ifrat qidalanma həmin bu hormon sayəsində bədənimizdə şişliklər, iltihablar əmələ gətirir. Bu hormon insanda daha çox xərçəng xəstəliyinin aktivləşməsinə və sürətlənməsinə şərait yaradır. Donuz əti ilə qidalananlar, alimlərin fikrincə, daha erkən yaşlarda xərçəng xəstəliyinə tutulurlar". İlahiyyatçının qənaətinə görə, bu heyvanın əti bədxassəli şişin, baş-beyin iltihabı kimi ağır xəstəliyin əmələ gəlməsinə səbəb olur: "Bu bizim uydurduğumuz fərziyələr deyil, alimlərin sübut etdiyi faktlardır. Allah biz insanlara bununla bağlı Qurani-Kərimdə göstərişlər verib. Çoxları deyir ki, nəyə görə qoyun əti, mal, toyuq olar, ancaq donuz olmaz, o da heyvandır axı, onu da Allah yaradıb? Ən dəhşətlisi isə bəzi insanların donuz ətinin faydalı olduğunu düşünmələridir. Onların fikrincə, Məhəmməd Peyğəmbərin (s.ə.s) zamanında soyuducu olmadığından donuz əti tez xarab olurdu. İndi isə bir çoxları bu əti yeyir və onlara heç nə olmur. Lakin məlum olduğu kimi, Qurani-Kərim donuz ətini yeməyi qadağan edir. İnsan ilk öncə bilməlidir ki, Allah tərəfindən qoyulan hər bir qadağa yalnız insanın xeyrinədir. Allaha, onun nazil etdiyi Qurana iman gətirən hər bir kəs üçün bu məsələdə zərrə qədər də şəkk-şübhə olmamalıdır. İlk növbədə, Allah bu qadağa ilə insanların onun göstərişinə əməl edib-etməyəcəyini öyrənir, yəni onları sınağa çəkir. Əlbəttə, Allaha imanı olan və onun buyruğunu rəhbər tutan hər kəs birmənalı olaraq donuz əti yeməkdən çəkinəcək. Bu baxımdan da insanların başlarını ağrıdıb Allahın bu qadağasını nəyə görə etdiyini araşdırmasına ehtiyac yoxdur". Məşədinin sözlərinə görə, bir sıra elmi tədqiqatların nəticələri də göstərib ki, donuz əti insan orqanizmi üçün olduqca zərərlidir: "Buna baxmayaraq insanlar yenə də bu ətdən istifadə edirlər. Alimlər bildirirlər ki, donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər. Bu xəstəliyin törədiciləri donuzun orqanizmindəki "trixinella" parazitidir. Donuz əti ilə qidalanmadan 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır. Adıçəkilən parazitləri ətdə məhv etmək mümkün deyil. Yüksək və aşağı temperatur belə onlara təsir etmir. Bizə ancaq tibb elminin üzə çıxardığı zərərlər məlumdur. Özü də bugünkü elmə məlum olan çərçivədə. Ən doğrusunu isə Allah bilir". |