Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanında sentyabrın 1-də qaldırılan Azərbaycanın dövlət bayrağı bu gün yoxa çıxıb. Ərazidəki mühafizəçilərin dediklərinə görə, bayraq səhər saat 8-9 radələrində havanın küləkli olması ilə əlaqədar götürülüb.
Ancaq videoportallardan birində bayrağın endirilməsi barədə video (http://www.dailymotion.com/video/xeocff_bayraq-endirme_lifestyle?start=1#from=embed) yerləşdirilib. Videodakı bayrağın görüntülərinə əsasən demək olar ki, sentyabrın 1-də ucaldılan bayraq dünən axşam başlayan güclü küləyə dözməyib və cırılıb.
Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Qeyd edək ki, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqram idi. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur.
"Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ölkə başçısının 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd ediləcək.
Sentyabrın 1-də Bayraq meydanının təntənəli açılışı olsa da, meydanın qapıları hələlik paytaxt sakinləri üçün bağlıdır. Meydanın aşağı hissəsində Bayraq muzeyi də tikilib. Amma xırda təmir-dekorasiya işləri qaldığından muzeyin açılışının yalnız bir müddət sonra mümkün olacağı bildirilib. Burada Azərbaycanın qədimdən bu vaxtadək olan bayraqları, gerbləri sərgilənəcək və ölkənin atributları, yəni bayraq, gerb, himni haqqında ətraflı məlumatlar veriləcək.
Xatırladaq ki, Dövlət bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında ölkə başçısı İlham Əliyevin iştirakı ilə qoyulub.
ABŞ "Trident support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın şirkəti həyata keçirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
|