Dünyanın ən yaşlı anası ölümlə pəncələşir. Hindistanda 71 yaşında ana olan Rajo Devi Lohan 18 aylıq uşağını qucağına belə ala bilməyəcək qədər gücsüz qalıb. Buna səbəb isə qeysəriyyə əməliyyatı zamanı qadının güclü daxili qanama keçirməsi olub. Həkimlər müxtəlif müalicə üsullarından istifadə etsələr də hindli qadını heç cür ayağa qaldıra bilməyiblər. Onun yaşama şansının çox az olduğu bildirilir.
Qeyd edək ki, Rajo və Balla adlı yaşlı cütlük bir neçə il davam edən süni mayalanma müalicəsindən sonra valideyn ola biliblər.
Lohan isə bütün bunlara baxmayaraq, ana olduğu üçün xoşbəxtdir: "Bütün həyatım boyunca ana olmağın xəyalını qurmuşam. Xəstə olmaq vecimə deyil. Ən azından ana ola biləcək qədər yaşadım".