Türkiyənin məşhur saz ifaçısı və müğənnisi, Azərbaycan tamaşaçısının "Zerda” teleserialından "Şahin ağa" kimi tanıdığı Yavuz Bingöl ermənilər barədə bəzi həqiqətləri səsləndirib. "Kanal "D” telekanalının "Gənc Baxış” verilişində qonaq olan Yavuz Bingöl "Ermənilərdən üzr istəyirik” kampaniyasına dəstək verdiyi üçün onu tənqid edənlərə cavab verib.
Bibisinin də ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyünü deyən müğənni artıq bu məsələnin qapanmasını istədiyini deyib: "Siz heç haqlı olduğunuz halda üzr istəməmisiniz? Anamın bibisi ermənilər tərəfindən öldürülüb. Həm də zorlanaraq və döşlərinin ucu kəsilərək. Ailəsi ilə bu acını yaşamış biri kimi, "Bəsdir artıq! Bu məsələ bitsin! Üzr istəyirəm” – dedim”.
Qondarma erməni soyqırımını əsla qəbul etmədiyini deyən Yavuz Bingöl türklərdən də üzr istəyib: ""Soyqırımı"nı qəbul etmirəm. O kampaniya xoş məramlı bir addım idi. Sizi incitmişəmsə türk xalqından da üzr istəyirəm. Mənim orkestrimdə 1 azərbaycanlı, 2 erməni var. Hrant Dink öldürüldüyü vaxt onların üzünə baxa bilmədim. 100 ildir bu ölkədə erməni problemi var. Müharibə və göz yaşı artıq bəsdir. Bu ölkədə artıq qardaş qardaşı vurmasın, PKK problemi, erməni problemi həll olunsun. Dürüst və namuslu insanam və inandığım kimi hərəkət edirəm”.
|