Ermənistanın müdafiə naziri, Azərbaycana qarşı hərbi cinayətlər törədən Seyran Ohanyan da digər erməni generalları kimi bizneslə məşğuldur. Ermənistan mətbuatının yazdığına görə, S.Ohanyan və Ermənistan ordusunun bir çox generalları İrəvanda tikinti biznesi qurublar, onlar ölkənin bir çox yerlərində əyləncə obyektlərinin açılmasına da investisiya qoyurlar. Məsələn, Ermənistan ordusunun Baş Qərargah rəisi, general Yuri Xaçaturovun İrəvanda bilyard-klub adı altında fəaliyyət göstərən qumarxanası var. Gecələr ora Ermənistanın yüksək rütbəli məmurları toplaşır və şıdırğı qumar gedir. İrəvanın mərkəzi küçələrinin birində isə müdafiə naziri Seyran Ohanyanın "Piramida” adlı obyekti fəaliyyət göstərir. Orada striptiz-klub da var. Gecələr Ohanyanın obyektindəki səs-küylü əyləncə yaxınlıqdakı sakinləri narahat etsə də bu obyektin yerləşdiyi binanın sakinləri onun Ohanyana aid olduğunu biləndən sonra səslərini kəsiblər. "Piramida” gündüzlər adi kafe kimi fəaliyyət göstərir, gecələr isə oraya rus və ukraynalı qızlar toplaşır və striptiz göstərirlər. Əyləncəyə gələnlərin əksəriyyəti yüksək rütbəli məmurlar, o cümlədən zabitlərdir. Ermənistan mətbuatı yazır ki, ölkənin güc strukturlarına rəhbərlik edənlərin demək olar ki, hamısı biznesmendir, yaxud hansısa biznes-strukturlara "krışalıq” edərək qazanırlar |