Ermənilərin Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Yeva Rivasın ingilis dilində ifa edəcəyi "Apricot Stone” (Ərik toxumu) adlı mahnı qalmaqala səbəb olub. İddialara görə, mahnıda 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları yer alıb. Belə ki, Moldova üçün mahnı yazan bəstəkar Yaqub Mutlu mahnının sözlərində erməni iddialarından bəhs edən hissələrin olduğunu bildirib. "Mən erməni düşməni deyiləm. Ancaq "Ərik toxumu” üstü qapalı erməni iddialarını canlandıran mahnıdır”",-deyə bəstəkar söyləyib.
Mutlu mahnının birinci bəndinin məzmununu aşağıdakı kimi tərcümə edib: "Uzun illər öncə, mən kiçik bir uşaqkən anam mənə "bilməlisən ki, bizim dünyamız acımasız və vəhşidir”dedi. Amma sən yolunu soyuq və istidən keçərək tapa bilərsən”
Bəstəkarın sözlərinə görə, mahnının bu yerində 1915-ci illərdəki hadisələrə işarə edilir.
Mahnıda daha sonra deyilir:
"Mənə ana yurdumdan geri verilən əlimdə gizlətdiyim ərik toxumudur. Ərik toxumunu donmuş torpağa salacağam, onun böyüməsinə icazə ver”
Mutlu iddia edir ki, erməni ifaçısı "ana yurdum” deyəndə Türkiyəni nəzərdə tutur.
Bəstəkarın sözlərinə görə, mahnının növbəti bəndində də Türkiyəyə ehyam vurulur:
"İndi şimal ulduzlarını görürəm, fırtınada par-par parıldayırlar. Səni isitmək üçün bir Tanrım var. İndi şiddətli küləkdən qorxmuram, əsə bilərlər, amma onlar qazanmayacaqlar”
Onun sözlərinə görə, erməni ifaçı "Bəlkə Tanrı müqəddəs meyvəni qoruyacaq. Ağacımı göy üzünə ucaldacaq. Bir dəfə əl elədim evimə, salamat qal. Mən yalnızca köklərimə geri dönmək istəyirəm” sözləri ilə isə türklərin onları yurdlarından qovmuş kimi yurduna əl etdiyini və köklərinin yox edilmiş kimi göstərərək, köklərinə geri dönmək istədiyinə eyham edir.
|