Eşqi-şikayət
Küləklər həsrəti gətirdi mənə, Bir yarpaq misali titrəyir qəlbim. Gözlərim baxdıqca ötüb keçənə, Qanadım qırılır, qalmayır səbrim.
Bahar çiçəklərlə ömür bəzəyir, Mən niyə bu qədər çirkin qalmışam? Sevgini bilməyən gəzib əylənir, İntizar oduyla sabahlamışam
Bu şeir, misralar qəlbimin səsi, Bu səsə bir cavab vermək olarmı? Yollarım bitibdir, çarə qalmayıb, Ünvansız mənzilə getmək olarmı?
Gedirsənsə get
Yaralı xəstəyəm yardıma möhtac, Yarama məlhəmin yoxundursa get. Qəlbimdə atəşli sevgi var, amma, Bu odda yanmaqdan qorxursansa get.
Sevirəm söylədim səni sevəndə, Səninsə sözlərin qalıbdır səndə, Daşdan heykəl kimi durma önümdə, Deyəcək bir sözün yoxundusa get.
Gözüm yad baxışlar görür gözündə, Bilirəm bu günah deyil gözündə, Sənin əqidəndə, sənin özündə, Əhdə sədaqətin qalmayıbsa get.
Biz yola çıxırıq həyat adında, Bu yolda olacaq qar da, boranda, Hələ başlamadan, yolun başında, Bir addım atmadan yoruldunsa get.
Bu yolu sonadək gedəcəyəm mən, Dostlardır ümidim, tək deyiləm mən, Deyirlər ən sonda ümiddir ölən, Sən mənim ümidim deyilsənsə get, Sənə qal demirəm, gedirsənsə get. |