Fevral ayının orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, bəzi günlər normadan yuxarı olacağı gözlənilir. Sinoptiklər ay ərzində güclü qar yağması ilə müşayiət olunacaq şaxtalı hava proqnozlaşdırırlar. Ölkə üzrə yağıntının səviyyəsi qeyri-bərabər olacaq, regionların əksəriyyətində isə iqlim normasına yaxın olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 5-6 dərəcə təşkil edəcək (gecə -2-4, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüz -6-11, ayın soyuq dövründə təxminən 0, ayrı-ayrı günlərdə 14 dərəcəyə yaxın isti). Yağıntının miqdarı normaya yaxın olacaq (21-24 mm).
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecə mənfi 5-10, ayrı-ayrı günlərdə 18 dərəcə şaxta, gündüz mənfi 2 - müsbət 7 dərəcə, ayrı-ayrı günlərdə 12 dərəcə isti), yağıntının miqdarı normaya yaxın olacaq (11-29 mm).
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəy bölgələrində orta aylıq temperatur mənfi 3 - müsbət 1 dərəcə təşkil edəcək (gecə 0-5 dərəcə şaxta, ayrı-ayrı günlərdə 13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, ayın soyuq dövründə 1-5 dərəcə şaxta , ayrı-ayrı günlərdə 11 dərəcəyədək yüksələcək), yağıntının miqdarı normada olacaq (25-35 mm).
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur müsbət 2-4 dərəcə isti təşkil edəcək (gecə mənfi 1- müsbət 4 dərəcə, ayrı-ayrı günlərdə 2-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta, bəzi günlər 15 dərəcəyədək yüksələcək), yağıntının miqdarı normaya yaxın (15-36 mm) olacaq.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz bölgələrində orta aylıq temperatur mənfi 1- müsbət 4 dərəcə təşkil edəcək (gecə mənfi 3- müsbət 2 dərəcə, ayrı-ayrı günlərdə mənfi 13 dərəcəyədək enəcək, gündüz müsbət 2-7 dərəcə, ayrı-ayrı günlərdə 14 dərəcəyədək yüksələcək), yağıntının miqdarı normaya yaxın (24-55 mm), bəzi yerlərdə normadan çox olacaq.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur müsbət 4-6 dərəcə təşkil edəcək (gecə 1-6, gündüz 7-12 dərəcə isti, ayın soyuq dövründə müsbət 2 dərəcəyə enəcək, ayrı-ayrı günlərdə 18 dərəcəyə yüksələcək), yağıntının miqdarı normaya yaxın (21-35 mm) olacaq.
Masallı-Lənkəran-Astara zonasında orta aylıq temperatur müsbət 3-4 dərəcə təşkil edəcək (gecə 1-6, ayın soyuq dövründə 0-4 dərəcə isti, gündüz 7-10 dərəcə isti, ayrı-ayrı günlərdə 13 dərəcəyədək yüksələcək), yağıntının miqdarı normaya yaxın (44-105 mm) olacaq.
|