Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı start götürüb. Yarış proqramını ilk olaraq sərbəst güləşçilər açıblar. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, ilk finalçı Xetaq Qazyumov (96 kq) olub.
Finala doğru yolda ikiqat Avropa çempionumuz öncə ispaniyalı Eder Villanuevanı (6:0, 4:0), beloruslu İvan Yankovskini (3:0, 3:0), 1/4 finalda erməni güləşçisi Edqar Yenokyanı (3:0, 1:0), yarımfinalda moldovalı Nikolay Çebanı (1:0, 1:0) məğlub edib. Finalda isə güləşçimizin rəqibi rusiyalıVladislav Baytsayev olub. O, həlledici görüşdə rəqibini asanlıqla yenərək (1:0, 7:0) , ölkəmizə qızıl medal qazandırıb.
Aqil Quliyevin (74 kq) finala çıxmağa azca gücü çatmayıb. O, startda ukraynalı Dzambuli Tsotadzeni (2:1, 5:2), yunan Apostolos Taskoidisi (2:2, 0:2, 3:0) məğlub edib. Yarımfinalda isə təcrübəli rusiyalı idmançı Denis Tsarquşa (0:1, 0:2) məğlub olub. Bürünc medal uğrunda mübarizədə güləşçimizin rəqibi macar Qabor Xatoş olub.
Güləşçimiz ilk hissədə 1:0 hesabıyla qələbə qazansa da, sonradan ardıcıl iki hissə uduzaraq (0:1, 0:2) mükafatsız qalıb.
Vitse-dünya çempionu Toğrul Əsgərov (60 kq) isə ilk görüşdəcə titullu ukraynalı idmançı Vasili Fedorişinə (1:2, 0:1) məğlub olub. Rəqib finala çıxmadıı üçün isə mükafatçılar siyahısından kənarda qalıb. |