Hadisə artıq Azərbaycanda konsert verə bilməyəcək!
Hadisə Türkiyənin “Show TV” kanalına açıqlamasında Türkiyənin Ermənistanla sərhədləri açmasının tərəfdarı olduğunu, hətta bunun həyata keçməsi üçün “Barış mələyi” olmaq istədiyini deyib: “Ermənistanla Türkiyə qardaş ölkələrdir, iki ölkə arasında sərhədlər açılmalıdır. Mən bunun həyata keçməsi üçün “Barış mələyi” olmağa belə hazıram. Artıq İnqa və Anuş qardaşlarımla danışmışam, onlar da Türkiyəyə gəlməyi, burada konsert verməyi çox arzulayırlar. Onların arzusunu mütləq həyata keçirmək lazımdır. Qoy, bu barışığın səbəbkarı elə musiqi olsun. Mən 14 oktyabr tarixini öz proqramımda boş saxlamışam. Razılıq verilsə, İnqa və Anuşla birgə möhtəşəm konsertlə çıxış edəcəyik. Hələ vaxt var, bunu həyata keçirmək çox gözəl hadisə olardı”. Bu yerdə bir məqamı qeyd etmək yerinə düşər ki, Hadisə hələ Moskvada keçirilən “Eurovision-2009” müsabiqəsi zamanı Ermənistan təmsilçiləri İnqa və Anuş bacılarına böyük sevgisini dilə gətirmiş, hətta jurnalistlərə onları bu müsabiqənin “Ən gözəl qızları” kimi təqdim etmişdi.
Bu açıqlaması ilə özünü sülh carçısı kimi göstərməyə çalışan Hadisə nədənsə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Xocalıda əsrin ən dəhşətli soyqırımını törətdiyini, minlərlə günahsız insanı, o cümlədən təkcə 1973-cü ildən 19`84-cü ilə qədər ölkəsi Türkiyənin xaricdəki 34 diplomatını qətlə yetirdiyini, Türkiyəyə qarşı qondarma “soyqırımı” və ərazi iddiaları ilə çıxış etdiyini unudub. Nə etmək olar ki, “Eurovision”da Azərbaycandan gördüyü ən böyük dəstək və 12 bal da bu açıqlamanı verərkən onun vicdanını sızlatmayıb. Bu açıqlaması ilə o, həm də Azərbaycan xalqına “hörmətini” nümayiş etdirmiş olub. Halbuki iki ay öncə Bakı səhnəsində çıxışı zamanı Azərbaycan xalqına çox böyük sevgisinin olduğunu bəyan edir, “Eurovision” səhnəsində uğuruna görə, ona borclu olduğunu deyirdi. Belə məlum olur ki, həmin sözlər elə sadəcə söz imiş.
Hadisənin Azərbaycan paytaxtında konsertinin təşkilatçısı olan Nahid Emiloğlu isə açıqlamasında bundan sonra onun Bakıda konsertini təşkil etməyəcəyini dilə gətirib: “Baxmayaraq ki, Hadisənin bizə bir konsert borcu var, ancaq biz o konserti təşkil etməkdən imtina edirik. Şəxsən mən öz adımdan deyirəm ki, bundan sonra Hadisənin Bakıda konsertini keçirməyəcəyik”.
Qeyd edək ki, Hadisə artıq Türkiyə hökumətinə və ölkənin Futbol Federasiyasına müraciət edib. O bu il oktyabrın 14-də Türkiyə və Ermənistan futbol komandaları arasında Bursada keçiriləcək oyundan əvvəl İnqa və Anuşla birgə konsert vermək istədiyini, buna şərait yaradılmasını istəyib.