"The Daily Mail”xəbər verir ki, orta statistik britaniyalı kişinin qadınlarla müqayisədə 32 dəqiqə artıq boş vaxtı olur. Bu nəticələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının apardığı tədqiqatlar zamanı açıqlanıb. Tədqiqat zamanı kişi və qadınların məşğuliyyəti dörd kateqoriyaya bölünüb: Pul ödənilən işlər (təhsili də daxildir), pul ödənilməyən işlər (əsasən ev işləri), özünə qulluq (şəxsi gigiyena, qida qəbulu, yuxu) və sərbəst vaxt (dostlarla görüş, hobbi, əyləncəli tədbirlərdə iştirak etmək).
Məlum olub ki, qadınlar kişilərə nisbətən özlərinə daha çox qulluq etməyi, fiziki məşqlərə vaxt ayırmağı, gündüz yatmağa və qadın salonlarına getməyə 22 dəqiqə artıq vaxt sərf edirlər. Maraqlıdır ki, alış-verişə getməyi kişilər ev işlərinə aid etdikləri halda, xanımlar asudə vaxtda məşğuliyyətin bir növü kimi qəbul ediblər. Tədqiqat zamanı asudə vaxtın miqdarı ölkələr baxımından müxtəlif götürülsə də, tendensiya bütün ölkələrdə eyni saxlanılıb.
Aparılan araşdırma ölkələr üzrə maraqlı nəticələr ortaya qoyub. Məsələn, məşğuliyyət baxımından Norveçdə kişilər və qadınlar arasında 22 dəqiqə fərq var. Bu göstərici Fransada 33, ABŞ-da 38, Belçikada isə 50 dəqiqədir. Ən çox fərq isə İtaliyada müşahidə olunur. İtaliyada xanımlara nisbətən kişilərin asudə vaxtı 80 dəqiqə daha çoxdur. Axx, tənbəl italyan kişiləri...!
|