"Biz müasir dövlət quruculuğunda, ilk növbədə, milli dəyərlərimizə arxalanırıq. Bu dəyərlər bizim üçün ən vacib dəyərlərdir". Bu sözləri Prezident İlham Əliyev martın 19-da xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə Bakıda təşkil olunmuş mərasimdəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, biz ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə hörmətlə yanaşırıq, ancaq bizim üçün əsas dəyərlər Azərbaycan dəyərləridir. "Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda böyüsün, tərbiyə alsın, Vətəni sevsin, Vətənə ləyaqətlə xidmət etsin, peşəkar, bilikli, savadlı olsun. Bu məqsədlə ölkəmizdə aparılan işlər artıq öz nəticəsini verir. Gələcəkdə biz bu nəticələri daha da geniş şəkildə görəcəyik". |