Azərbaycan adətlərində qız qaçırmaqla ailə qurmağın özünəməxsus ənənələri var. Lakin bu adət Azərbaycan qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə isə olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 il müddətinə qədər azadlıqdan məhrum olunur. Qızqaçırmanın qanunvericiliklə cinayət hesab edilməsi ilə bağlı Azərbaycanda fikir ayrılığı var. Odur ki, müxtəlif sahənin mütəxəssisləri ilə bu barədə söhbət etdik. Folklor İnstitutunun baş elmi işçisi Şakir Albalıyevin bildirdiyinə görə, folklorumuzda - nağıl, dastan, bayatılarımızda da bu ənənə geniş yer tapıb: "Bu, türk xalqlarının milli-mənəvi mentalitetində olmuş hadisədir. İsmayıl bəy Qutqaşınlının ”Rəşid bəy və Səadət xanım" əsərində bu ənənə özünə geniş yer edib. Adət əsasən tərəkəmə xalqlarına məxsusdur. Tərəkəmələrin isə tarixi Şumerlərdən də əvvələ gedib çıxır. Nağıl və bayatılarımızda iki sevən gəncin bir-birinə qoşularaq qaçması əks olunub. "Koroğlu”, "Abbas və Gülgəz” dastanlarında da qız qaçırılmaqla ailə qurulması məqamları var. Hətta Qərb mütəxəssisləri də Şərqdə iki gəncin bu cür sevişməsinə heyranlıqlarını gizlədə bilməyiblər". Folklorşünas qanunvericilikdə qız qaçırılmasının cinayət hesab edilməsini düzgün saymır: "Qızqaçırmanın adını adam oğurluğu qoymaq özü cinayətdir. Hüquqşünaslar hər şeydən öncə milli-mənəvi məsələləri, xalqımızın psixologiyasını çox gözəl bilməlidirlər. Bu gün onsuz da toylarımız ağır xərc hesabına başa gəlir. Qızqaçırılma sadəcə toy, nişan məsrəflərindən azad olmaqdır. İndiki şəraitdə isə bu xərclərin ləğv olunmasına çox ehtiyac var. Sevgi-eşq müqəddəs anlayışdır. Adam oğurluğu ilə qız qaçıran oğlanın həbs edilməsi bu müqəddəs hisslərin tapdanmasıdır”. Hüquqşünas Rafiq Alışov isə Cinayət Məcəlləsində göstərilənləri düzgün hesab edir: "Əgər qız nikah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir və cinayət məsuliyyəti yaradır. İnsana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nikah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır”. "Təzəpir” məscidinin axundu Hacı Faiz isə qızın qoşulub qaçmasının İslam dinində qadağan edildiyini bildirir: "İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması İslamda zına sayılır”. "Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizovaya görə, qız qaçırılması ilə bağlı yaranan problemlər bölgələrdə daha çoxdur: M.Əzizova hesab edir ki, hüquq-mühafizə orqanlarında psixoloqlara ehtiyac var: "Bəzən olur ki, oğlan qızı hədələyir. Qız da məcbur olub öz xoşu ilə qaçdığını deyir. Bizə edilən müraciətlər arasında belə bir hadisə olmuşdu. Nəticədə oğlan narkotikə görə qızı xarici ölkələrin birində satmışdı. Odur ki, hüquq-mühafizə orqanlarında belə məsələləri araşdıran psixoloqa ehtiyac var”. M.Əzizova qoşulub qaçan qızlarda gərgin psixoloji durumun yarandığını deyir: "Məcburi qaçırılan qız hətta özünə qəsd etmək istəyində də olur. Bizə bir məktub göndərilmişdi, qız yazmışdı ki, əgər intihar etsə, onun səbəbkarı birgə yaşadığı insandır. Qoşulub qaçan qız ailəsinə də qayıda bilmir. Valideynləri bildirir ki, məcbur olub yaşamalısan. Bu da qadının psixoloji gərginlik yaşamasına gətirib çıxarır, ailədə münaqişələr yaşanır”. Jurnalist Mahal İsmayıloğlu da ailə həyatını qızqaçırma yolu ilə qurub. Amma o, bunu könüllü qaçırılma adlandırır və həyatının uğurlu addımı hesab edir: "Bu işdə heç bir tərəfin narazılığı olmayıb. Mənim valideynlərim yox idi, sevdiyim qız da kasıb və yetim oğlan olduğumu bilirdi. Mən ona evlilik təklif etdim və bildirdim ki, toy edib heç kəsi əziyyətə, xərcə salmaq, heç kəsdən minnət götürmək istəmirəm. Qız da mənimlə razılaşdı. Bundan da onun valideynlərinin xəbəri oldu və onlar da bizim qərarımızın əleyhinə çıxmadılar. 27 ildir ailə qurmuşuq, çox uğurlu nikahımız olub. Övladlarımız, nəvələrimiz var və indiyədək də çox mehriban ailə həyatımız olub”. Qız qaçırılması üzrə peşəkar olduğunu deyən M.İsmayıloğlu sən demə, indiyədək 20 qız "oğurlayıb”: "Belə bir məsəl də var, könlü olmayan gözələ yaxın düşməzlər. Kəndimizdə 20 qızın qaçırılmasında mənim də iştirakım olub, hamısının da gözəl ailə həyatı var, çox xoşbəxtdirlər. 60-80-ci illərdə 3 nikahdan 2-si qaçırılma yolu ilə olurdu. O vaxtı ali təhsilli qızların başlığı çox baha, texnikumda oxuyanlarınkı bir qədər az idi. Ona görə də imkanı olmayanlar qızı götürüb qaçırdı”. M.İsmayıloğlu da qızqaçırmanı daha çox maddi imkansızlıqla əlaqələndirir. Onun fikrincə, dəbdəbəli toylar Azərbaycan ənənələrindən çıxarılsa, sadə nikahlara üstünlük verilsə, qızqaçırmaya yol verilməz: "İndi Azərbaycanda şadlıq evlərinin sayı-hesabı yoxdur. Bu yaxınlarda türk qəzetlərindən oxudum ki, 60-70-ci illərdə təkcə İstanbulda 1800-dən çox şadlıq evi olub. Amma indi onların heç biri qalmayıb. Hazırda Türkiyədə də adətən sivil toy edirlər. Görünür, Azərbaycan da belə bir mərhələni keçməlidir. Biz mənən varlı olsaq, dəbdəbəyə, şan-şöhrətə üstünlük vermərik”. Qeyd edək ki, qızqaçırma ilə cinayət məsuliyyətinə cəlb olunub, ailə münaqişəsi yaşayanlarla bağlı redaksiyaya çoxsaylı faktlar daxil olur. Biz bu yazıda müxtəlif fikirlərə yer verdik. Hər halda, ailə kimi müqəddəs anlayışın Azərbaycanda özünəməxsus şəkildə qorunması qanunvericilikdə nəzərə alınmalıdır ki, qanunların tətbiqi ailələrin dağılmasına gətirib çıxarmasın. //"Yeni Müsavat" qəzeti |