Rusiyanın Şimali Osetiya regionunun paytaxtı Vladiqafqazda terror aktı törədilib. Partlayış nəticəsində ölən və yaralananların sayı ilə bağlı müxtəlif məlumatlar verilir.
"İnterfaks” agentliyinin Daxili İşlər Nazirliynə istinadən verdiyi məlumata görə, azı 15 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Bir qədər əvvəl hüquq-mühafizə orqanları partlayış baş verən ərazidə ikinci prtlayıcı qurğu aşkarlayıblar və hazırda onu zərərsizləşdirməyə calışırlar.
Partlayışa Vladiqafqazın Zanayeva küçəsində yerləşən mərkəzi bazarın girişi yaxınlığındakı yaşayış evlərindən biri qarşısında saxlanmış avtomobildəki partlayıcı maddənin işə düşməsi səbəb olub. Partlayıcı maddənin gücü 10 kiloqram trotildən artıq ekvivalentdə olub. Ətrafdakı binaların şüşələri sınıb. Bazardakı insanlar arasında çaxnaşma yaranıb. Milis və xüsusi xidmət əməkdaşları ərazini nəzarətə götürüb. Şəhərin bütün orepativ xidmətlərinin əməkdaşları, o cümlədən Şimali Osetiya rəhbəri Taymuraz Mamsurov hadisə yerinə gedib.
Partlayış faktı ilə bağlı "Terror aktı” maddəsi üzrə cinayət işi açılıb. Partlayışa görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib. Terror aktı ilə bağlı məlumatlandırılan Rusiya prezidenti Dmitri Medvedevin tapşırığı ilə Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin də hadisə yerinə yola düşüb.
Xatırladaq ki, Şimali Osetiyada sonuncu dəfə güclü terror aktı avqustun 17-də baş vermişdi. Şimali Osetiya ilə İnquşetiyanın inzibati sərhəddi yaxınlığındakı milis postu qarşısında kamikadzenin törətdiyi partlayış nəticəsində bir milis əməkdaşı ölüb, ikisi yaralanıb.