Azərbaycan musiqisi Avropaya təqdim ediləcək
Türkiyənin məşhur müğənnisi Tarkan Azərbaycan mahnısını ifa edib. Bu barədə şair Baba Vəziroğlu məlumat verib.
B. Vəziroğlunun verdiyi məlumata görə, sözləri ona, musiqisi Kamala məxsus «Səndən nigaranam» mahnısı artıq türkiyəli sənətçinin ifasında lentə alınıb və onun Avropada buraxılan diskinə daxil edilib: "Albomun satışı bir çox ölkələrdə nəzərdə tutulduğundan, mahnı artıq türkiyəli sənətçinin ifasında dinlənilir. Amma hələlik albom Bakıya gəlib çıxmayıb. Amma o, mahnını tanış olmaq üçün bizə göndərib”.
B. Vəziroğlu bildirib ki, mahnı üç bənddən ibarətdir, iki bənd türkcə səsləndirilsə də, sonuncu bənd Azərbaycan dilindəki orijinal variantda olduğu kimi qalıb: "İlk iki bəndin türkiyəlilər tərəfindən qavranılması üçün sözlərində bir qədər dəyişiklik etmişəm. Səlcuk Çoban adlı söz müəllifinin isə bir-iki müdaxiləsi nəticəsində mahnıda türk ifadələri yer alıb. Sonuncu bəndi isə olduğu kimi saxlamaq qərarına gəldik”. B. Vəziroğlu Tarkanın Bakıya səfərinin olacağını da istisna etməyib: "Bununla bağlı layihənin koordinatoru Nahid Emiloğlu danışıqlar aparır”.
Xatırladaq ki,«Səndən nigaranam» mahnısı Orta Asiya ölkələrində də məşhurdur.
|