Bəlli olduğu kimi, Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycan ordusunun kiçik çavuşu, 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynovun əsir götürülməsilə bağlı məlumat yayıb. Erməni mənbələri kiçik çavuşun ötən gün könüllü təslim olduğunu iddia edir. Azərbaycanın Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.
Azərbaycanlı əsgərin yaxınları isə avqustun 22-dən etibarən Romanla hər hansı əlaqə saxlaya bilmədiklərini bildirib. Azərbaycan Ordusunun çavuşu Roman Hüseynovun atası oğlunun hərbi xidmətini başa vurduqdan sonra könullu surətdə hərbçi olmaq üçün N saylı hərbi hissəyə yollandığını qeyd edib.
"2002-ci ildə X sinfi bitirib, hərbi xidmətə gelib. 2004-cü ildə təxris olunaraq evə qayıdıb. Özü könüllü olaraq gizirlik məktəbini oxumaq istəyirdi. Çavuşluq məktəbini qurtarandan sonra Daşkəsəndə N saylı hərbi hissəyə göndərildi. Oradan II batalyonda manqa komandiri kimi qulluq eləməyə başladı”, - deyə Novruz Hüseynov vurğulayıb. Onun sözlərinə görə, hərbi hissədə Romanla nə komandirlər, nə də əsgərlər arasında heç bir problem yaranmayıb. Sonuncu dəfə avqustun 22-si səhər saatlarında Roman anası ilə danışıb. Sonra Roman Gəncədə yaşayan dostlarına zəng vurub. Aylıq maaşını almaq və yuyunmaq üçün Gəncəyə getmək istədiyini, onun ardınca gəlməsini xahiş edib. Onun ardınca gedən dostu avqustun 22-si axşama qədər onu gözləyib. Lakin hərbi hissədən Roman Hüseynovdan xəbər gəlməyib. Gecə isə hərbi hissədən Romanın itkin düşməsi ilə bağlı atasına zəng olunub.
Roman Hüseynovun qohumları da onun könüllü olaraq erməni tərəfinə keçməsinin qeyri-mümkün olduğunu deyir. Onlar iddia edir ki, Roman xidmət etdiyi mövqeyə avqustun əvvəllərində təyin olunub. O ancaq həmin mövqedən hərbi hissəyə gələrkən yolda azaraq erməni tərəfinə gedib çıxa bilər. Avqustun 22-dən ötən günə qədər ailəsinin iştiraki ilə hərbi hissənin bir qrup əsgər və zabitləri ətraf kəndlərdə Romanı axtarıblar. Onlar erməni saytında yazılan məlumatların yalan olduğunu bildirirlər.
"Mənim bir qardaşım 20 yanvar şəhididir. Roman həmişə mənə deyirdi, əmi fikir etmə, əmimin qisasını alacağam. Bu sözü deyən oğlan necə erməni tərəfinə keçə bilər? Bu mənə qaranlıq qalır”, - deyə Roman Hüseynovun əmisi Fehruz Hüseynov qeyd edib.
Qeyd edək ki, kiçik çavuş Roman Hüseynov Daşkəsəndə N saylı hərbi hissədə manqa komandiri olaraq aprel ayından avqustun 22-nə qədər xidmət edib.
Xatırladaq ki, hazırda Azərbaycanın ermənistan tərəfində iki əsiri var. Bunlardan biri mülki şəxs olan Tovuz rayonunun Əlibəyli kənd sakini Eldar Tağiyevdir. O, ötən ilin noyabr ayında əsir düşüb. 2009-cu ilin may ayında əsir düşən digər milli ordunun əsgəri Goranboy rayon sakini Anar Hacıyevdir. Ermənistan tərəfindən isə könüllü surətdə Azərbaycana keçən 5 hərbçı əsir var.
|