Əli ( ə.s) buyurub: " Məndən sonra tezliklə rüzgarınız elə olacaq ki, həmin zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah, Peygəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey olmayacaq ”.
Bəzi insanlara nəzər saldıqda, görürsən ki, yalan danışmaq onların gündəlik həyatının tələbatına çevrilib. Son zamanlar cəmiyyətdə tez-tez rast gəlinən məsələlərdən elə biri də yalan danışmaqdır ki, əvvəllər yalan danışan insanlar barmaqla göstərilirdisə, amma bu gün sözündə bütöv insanlara çox az rast gəlmək olur. Yalan danışan insan öz hörmət və etimadını itirməklə yanaşı, həm də cəmiyyətə etimadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birinə etimad etmədiyi bir cəmiyyətdə isə yaşamaq məlum olduğu kimi dözülməz və acınacaqlı bir vəziyyətdir. Allah-taala Qurani- Kərimdə yalan danışmağın imansızlığa bərabər olduğunu göstərir. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançılardır. (Nəhl surəsi, ayə 105).
Yalan həqiqətə uyğun olmayan şeylərə deyilir. Danışığında yalana vərdiş edən insan mütləq əməlində də yalana yol verəcək və cəmiyyətin ən hörmətsiz şəxsiyyətinə çevriləcək. Yalan danışan insan bəzən tərəf müqabilin ya axmaq, ya savadsız olduğunu, ya da onu inandıracağını zənn edir. Amma dərk etmir ki, nə vaxtsa bu danışdığı sözün həqiqət olmadığı üzə çıxacaq və insanlar arasında hörmətdən düşəcək. İmam Əli əs buyurur: " Yalançı öz yalanları ilə üç şeyi qazanar. Özünə qarşı Allahın qəzəbini, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini. (Qurərul-hikəm, hədis 11039)
Yalan danışmaq insanın özünə çox ziyanlar vurmasına baxmayaraq, ilk öncə imanı aradan aparır. İmanını əldən verən şəxs daim bədbəxtçilik və rüsvayçılıqla üzləşər. Nəql olunmuş hədislərdə deyilir ki, yalan möminlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Hətta bəzən öz əleyhlərinə də olsa belə, həqiqəti deyib yalandan uzaq olarlar. Hədisdə var ki, bir gün Həsən ibn Məhbud İmam Sadiq (ə. s)-dan soruşdu: " Ya İmam! Möminin xəsis olması mümkündürmü? Buyurdu: Bəli. Soruşdu: Qorxaq olması mümkündürmü? Buyurdu: Bəli. Sonra soruşdu: Yalançı da ola bilərmi? İmam dedi: Xeyir, mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa.
Yalan danışmaq həm Qurani-Kərimdə, həm Peyğəmbərlər və İmamların hədislərində, həm də insanlar arasında çox çirkin bir əməl kimi qiymətləndirilir. Az yaşlı uşağa belə yalan demək qadağan olunmuşdur, hətta kişinin öz kiçik övladına yalandan vədə verib yerinə yetirməməsi onun üçün yalan olaraq yazılacaq .
Allah bizləri doğruluqda sabitqədəm etsin. Amin! |